Sahibkarların fəaliyyətinə nələr mane olur?

20.10.2015 15:53     Siyasi reaksiya     1980

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında ölkədə fəaliyyət göstərən sahibkarların fəaliyyətinə mane olan qüvvələri, səbəbsiz və saysız yoxlama aparan təşkilatları sərt tənqid etmişdi.

Məlum iclasından sonra dünən Pezident tərəfindən sahibkarlıq fəaliyyətində yoxlamaların 2 il müddətinə dayandırılması ilə bağlı xəbər gündəmi zəbt etdi. Və əlbəttə ki, bütün sahibkarlar, eləcə də Azərbaycan iqtisadiyyatının inkişafında maraqlı olan hər kəs bu xəbərdən məmnunluq duydu.

Reaksiya.az ölkə sahibkarlarının prezidentin məlum məsələyə reaksiyasını necə qarşıladıqlarını öyrənib.

Gəncə Biznes Qurumunun direktor müavini, sahibkar Arif Cahangirov ölkə prezidentinin son günlərdə sahibkarlarla bağlı verdiyi qərarları yüksək qiymətləndirdiyini bildirib: “Azərbaycanda sahibkarlara qarşı aparılan yoxlamalar ölkə iqtisadiyyatına zərər vurur. Xırda və orta sahibkarlar müflisləşir, böyük sahibkarların fəaliyyəti məhdudlaşır. 35-dən çox yoxlayıcı təşkilatın olması, tez-tez istehsal, emal və xidmət sahələrinə yoxlamaların gəlməsi Azərbaycana böyük ölçüdə mənfi təsirini göstərir. Düşünürəm ki, hal-hazırda bu yoxlamaların qarşısının alınması ölkədə iqtisadiyyatın sabitləşməsinə və inkişafına böyük köməklik edəcək. Bu, çox müsbət haldır”.

A.Cahangirov sahibkarların üzləşdikləri digər problemlərə də aydınlıq gətirib: “Sahibkarlar əsasən korrupsiya halı ilə qarşılaşırlar. İnhisar Azərbaycana güclü təsir edib. Təbii ki, bunun qarşısının alınması, gömrükdəki sahibkarların problemlərinin aradan götürülməsi, investisiya mühitinin formalaşdırılması lazımdır. Və belə olan təqdirdə Azərbaycan iqtisadiyyatı inkişaf edə bilər”.

Sahibkar ümumilikdə Azərbaycan sahibkarlarının işinə təkan verəcək layihələrdən də danışıb: “Azərbaycan aqrar ölkədir, düşünürəm ki, bu gün əsas investisiyalar kənd təsərrüfatına yönəldilməlidir. Kənd təsərrüfatında emal və xidmət sahələrinə investisiyalar qoyulmalıdır. Azərbaycanda ən mühüm məsələlərdən biri su qıtlığı ilə bağlıdır. Suvarılma sistemlərinin yaradılması, aqrar sahənin su ilə təminatının yaxşılaşdırılması istiqamətində işlər görülsə, Azərbaycan özünü ərzaqla təmin edə bilər. Digər tərəfdən də xaricdən valyuta ilə aldığımız kənd təsərrüfatı məhsullarına vəsait sərf etmərik. Bu da ölkənin həm iqtisadi sabitliyinə, həm də inkişafına kömək edər”. 

Şərhlər