"Qərarlar məhz Eldar Mahmudovun izni ilə verilir" - Araşdırmaçı-yazar

20.10.2015 23:37     Siyasi reaksiya     1990

Xəbər verildiyi kimi, ölkə Prezidenti İlham Əliyev üç gün öncə milli təhlükəsizlik naziri Eldar Mahmudovu tutduğu vəzifədən azad etdi.

Ancaq Milli Təhlükəsizlik Nazirliyində (MTN) kadr islahatları təkcə naziri kənarlaşdırmaqla bitmədi. Mətbuatda barəsində ciddi neqativ faktlar səsləndirilən eks nazirin ardınca nazirlikdə köklü şəkildə kadr islahatlarına start verildi.

Həmçinin nazirliyin bir çox vəzifəli şəxsləri və əməkdaşları barəsində KİV-lərdə ciddi ittahamlar səsləndirildi. Neçə gündür ki, şayiə formasında yazılan məlumatları bu gün Baş Prokurorluğun rəsmi açıqlaması təsdiq etdi.  Belə ki, Baş prokurorluqda MTN-nin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq-əməliyyat qrupu yaradılıb. MTN-nin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Reaksiya.az  MTN-lə bir vaxtlar sıx əlaqəsi olan araşdırmaçı-yazar Aygün Həsənoğlu ilə nazirlikdə baş verən kadr arxası məqamları araşdırmağa çalışıb.

Hazırda Türkiyədə yaşayan  Aygün Həsənoğlu ilk əvvəl MTN-lə əlaqəsindən söz açıb:

“Mən əslində MTN-də çalışmamışam, sadəcə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşı olmuşam. Bizim komissiya yalnız girov və sirr problemləri ilə məğul olurdu. Lakin MTN naziri Komissiyanın sədridir və Komissiya haqqında ən önəmli qərarlar məhz onun izni ilə verilir. Mən şəxsən heç bir rüşvət hadisəsinin şahidi olmamışam. Kiminsə rüşvətlə işə götürüldüyünü eşitməmişəm. Amma ümumi şəkildə ölkədəki bu təmizlənmə əməliyyatına ehtiyac olduğunu hamımız bilirik. Məsələn, mən Xarici İşlər Nazirliyində dəyişikliklər aparılacağını gözləyirdim və bunu vacib hesab edirdim. Ölkəmizi xaricdə təmsil edən səfirlərin və səfirlik əməkdaşlarının 90 faizdən çoxu ölkənin maraqlarına xidmət etməyən, yaxud da edə bilməyənlərdir. Ölkədə korrupsiya dövlət məmurları tərəfindən bu qədər açıq dəstəklənirsə, o ölkənin müstəqilliyi istənilən vaxt təhlükə altında qala bilər. MTN-lə bağlı bir faktı qeyd edim ki, 2003 və 2005-ci illərdə təqdim etdiyim terrorla bağlı böyük layihəmi gerçəkləşdirmək üçün pul olmadığını bildirdilər. Həmin layihənin bir hissəsi olan “Erməni terroru” fotoalbomu 2005-ci ildə çap olundu və dünyaya yayıldı, təbliğatda böyük rol oynadı. Lakin mənim heç bir kitabımın Komissiya tərəfindən çap olunması məsləhət bilinmədi. Bu kitablar barədə nazirə məlumat verilməmişdi. Yəni, bu kitabların çap olunmaması MTN-lə bağlı deyildi, Komissiya ilə bağlı idi”.

A.Həsənoğlu MTN-də aparılan kadr islahatlarına da münasibət bildirib:

“Kadrların təmizlənməsi ölkədə xaos yarada bilər. Çalışıb mümkün qədər ölkənin təhlükəsizliyi naminə vəziyyəti sabit saxlamaq lazımdır.  Azərbaycan üçün hazırlanan planlar bir anda ortaya qoyula bilər. Söhbət milyonlardan, milyardlardan gedir. Bu rəqəmlərin özü belə ən böyük qarışıqlığın yaradılması üçün kifayətdir. Hesab edirəm ki, Prezidentə dəstək olmaq lazımdır. Bu işlər aşağıdan həll oluna bilmirsə, yuxarıdan həll olunması üçün şərait yaratmaq lazımdır”.

Şərhlər