Azay Quliyevə keçmiş qonşularından dəstək

22.10.2015 11:08     Siyasi reaksiya     2186

Seçki kampaniyası çərçivəsində görüşlərini davam etdirən 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyevin bugünkü görüş ünvanı 14 il yaşadığı məhəllə olub.

Reaksiya.az xəbər verir ki, keçmiş qonşuları tərəfindən hərarətli alqışlarla qarşılanan A.Quliyev çıxışında bu görüşün keçirilməsinin onun üçün xüsusi önəm daşıdığını bildirib: “Mənim gəncliyim bu məhəllədə keçib. İndi bu görüşdə tanış, doğma simaları görmək mənim üçün çox əlamətdardır”.

Seçki kampaniyası başlamamışdan əvvəl, dairənin yerləşdiyi ərazidə, həmçinin görüşün keçirildiyi məhəllədə sakinləri narahat edən məsələlərin seçki qərargahı tərəfindən öyrənildiyini nəzərə çatdıran deputatlığa namizəd bu məsələlərin həlli istiqamətində artıq müəyyən fikirlərin, təkliflərin formalaşdığını deyib.

Görüşdə çıxış edən sakinlərdən Aydın Qədimli, Rəsul Lətifzadə, Elmira Bayquzina və başqaları A.Quliyevin deputat və ictimai fəaliyyətini yaxından izlədiklərini qeyd edərək, onun məhz bu dairədən namizədliyini irəli sürməsindən fəxr hiss duyduqlarını bildiriblər.

Seçicilər səsvermə hüququ olan ailə üzvləri ilə birlikdə 1 noyabrda məntəqələrə gedib hamılıqla A.Quliyevə səs verəcəklərini bəyan ediblər.

Səmimi dəstəyə görə seçicilərə təşəkkürünü bildirən A.Quliyev deputat seçildikdən sonra onlarla daha sıx təmaslarda olacağını, onları narahat edən məsələlərin həllində yerli və mərkəzi dövlət qurumları ilə birgə çalışacağını söyləyib.

Qeyd edək ki, deputatlığa namizəd A.Quliyev 22 oktyabrda saat 17:00-da Binəqədi rayonu, Naxçıvani küçəsi, 38 ünvanında seçicilərlə görüşəcək.

Şərhlər