"Yaxın zamanlarda Qarabağ problemi həll ediləcək" - Politoloq rəyi
23.10.2015 17:43 Siyasi reaksiya 2070
Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon artıq 21 ildir ki, Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. İndi hər bir azərbaycanlını “Qarabağ problemi nə zaman həll olunacaq?” sualının cavabı maraqlandırır. Təbii ki, bu problemin həll edilməsi üçün Azərbaycan rəhbərliyi çox böyük səylər göstərib, ancaq hər dəfə də rəsmi İrəvanın qeyri-konstruktiv addımları bunun həllini sıfır nöqtəsindən tərpədə bilməyib.
Politoloqların bu məsələyə münasibətləri də çox zaman əks mövqeli olub. Bir çoxları hesab edir ki, danışıqların heç bir effekti olmayacaq, çünki ermənilər dəfələrlə bəyan edib ki, bir qarış torpaq belə geri verilməyəcək. Digərləri isə düşünür ki, Azərbaycanın güclənərək Rusiyaya meyllənməsi Ermənistanın bütün cinahlardan zəifləməsilə nəticələnəcək və sonda Böyük Sülh sazişi imzalanacaq. Bunun bu ilin sonunadək həyata keçəcəyi iddiası ilə, hətta erməni siyasətçiləri də çıxış etmişdilər. Onlar belə mülahizə irəli sürmüşdülər ki, Azərbaycanda keçirilən ilk Avropa oyunlarından sonra müharibə başlanacaq və torpaqlar Azərbaycana geri qayıdacaq.
Erməni KİV-lərində yer alan bu xəbərlər hələ öz təsdiqini tapmasa da cəbhədə olan gərginlik hər kəsə məlumdur. Bundan qorxuya düşən ermənilər isə Azərbaycanın cəbhə xəttindəki Tavuş vilayətində yaşayan sakinləri evlərindən köçürməyə başlamışdılar.
Hazırda isə oktyabr ayı sona çatır. Deyilən mülahizələrin heç biri reallığa çevrilməyib.
Reaksiya.az bu mövzu ilə bağlı politoloq Qabil Hüseynlinin fikrini öyrənib.
O, Azərbaycanla Ermənistan arasında müharibənin olacağı variantını hələlik istisna edib: "Ümumiyyətlə bu varianta getmək düzgün deyil. Danışıqlar yolu əsas götürülməlidir”.
Politoloq Qarabağ probleminin nə zaman həll oluna biləcəyi barədə də mülahizələrini açıqlayıb: “Bu günlərdə Minsk qrupunun həmsədrləri Ermənistana, Dağlıq Qarabağa və Azərbaycana gələcəklər. Söhbət prezidentlərin görüşlərinin hazırlanmasından gedir. Güman edirəm ki, bu ilin sonuna qədər Qarabağda hərbi əməliyyat olmayacaq. İndi sadəcə sülh danışıqlarını intensivləşdirmək lazımdır. Təəssüflər olsun ki, hələ ki, problemin həll perspektivləri görünmür. Amma məsələ sanki aktuallaşıb. İndi status-kvonun üzərində işləyənlər var. Zənnimcə, əvvəlki illərə nisbətən fəallıq nümayiş etdirilir. Bu da belə bir fikir söyləməyə əsas verir ki, yaxın zamanlarda Qarabağ problemi həll ediləcək”.
Şərhlər