Cənubi Osetiya Rusiyaya birləşdirilir? - Ekspert rəyi
24.10.2015 12:45 Siyasi reaksiya 2193
Xəbər verildiyi kimi, bir neçə gün öncə Rusiya mətbuatında məlumat yayıldı ki, Gürcüstanın ayrılmaz hissəsi olan Cənubi Osetiyanın “prezidenti” Leonid Tibilov bölgənin Rusiya tərkibinə daxil edilməsi üçün referendum təşəbbüsü ilə çıxış edəcək.
Tibilov Rusiya prezidentinin köməkçisi Vladislav Surkovla görüşü zamanı bildirib ki, Rusiyaya qovuşmaq Cənubi Osetiya xalqının əsrlik arzusudur: "Bugünkü siyasi reallıq belədir ki, öz tarixi seçimimizi edə bilərik. Biz qardaş Rusiya ilə birləşib uzun əsrlər üçün Cənubi Osetiya xalqının təhlükəsizliyi və çiçəklənməsini təmin etməliyik”.
Ekspertlərin fikrincə, bu presedent Azərbaycan tərəfi üçün də ciddi narahatlıq doğurmalıdır. Çünki erməni separatçıları vaxtaşırı olaraq Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi barədə təkilflərlə çıxış ediblər. Bə belə nəticəyə gəlmək olar ki, əgər osetinlər öz istəklərinə çatsalar, Dağlıq Qarabağ erməniləri də Rusiyaya birləşmək məsələsində yenidən aktivlik nümayiş etdirəcəklər.
Özü də bu qorxu təkcə Azərbaycan üçün yetərli deyil. Gürcüstandan zorla alınan Abxaziya da və Moldovanın Dnestryanı bölgəsi də Rusiyaya birləşdirilə bilər. Bunun qarşısını almaq üçün Gürcüstan, Moldova və Azərbaycan tərəfi hansı addımlar atmalıdır?
Reaksiya.az bu sualla Tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının professoru, Musa Qasımlıya müraciət edib.
Musa Qasımlı nəinki Cənubi Osetiyanın, o cümlədən Dağlıq Qarabağ və Dnestryanı bölgənin Rusiyaya birləşdirilməsi məsələsinin beynəlxalq hüquq normalarına zidd olduğunu bildirib: “Cənubi Osetiyanın Gürcüstandan qopardılması faktının özü və bunun ətrafında baş verən proseslər beynəlxalq hüququn təməl prinsiplərinin kobudcasına pozulması olub, çoxlu mənfi nəticələrə gətirib çıxara bilər. İlk növbədə Gürcüstan tərəfi qəti qərarlılıq, daha sonra beynəlxalq birlik mövqe nümayş etdirməlidir. BMT və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərarlara riayət edilməsini tələb etməlidirlər. Azərbaycan və Moldova da beynəlxalq birliyin bir üzvüdür. Beynəlxalq hüquq qanunsuz iddialardan üstün olmalıdır. Təəssüf ki, bu gün güclü olan az qala "ədalətli" görünür. Bu isə yaxşı bir hal deyil”.
Şərhlər