Millət vəkilliyinə namizəd seçicilərdən dəstək alıb - FOTOLAR

27.10.2015 12:05     Siyasi reaksiya     2404

Cilovdarlı kənd sakinləri millət vəkilliyinə namizəd Qənirə Paşayeva ilə görüşdə “Sizə etimadımız tamdır və hər zaman dəstəyimiz davam edəcək” - deyiblər.

105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva rayonun Cilovdarlı kəndinin sakinləri ilə görüşüb. Çoxlu sayda kənd sakininin qatıldığı görüşdə millət vəkili ötən 10 illik deputat fəaliyyəti barədə danışaraq deyib ki, o, bu illər ərzində Tovuz və tovuzluları Milli Məclisdə layiqincə və ləyaqətlə təmsil etmək üçün var qüvvəsi ilə çalışıb. “Bu 10 il ərzində ailənizin bir üzvü oldum, sevincinizə sevindim, kədərinizi paylaşdım, problemlərinizin həlli üçün əlimdən gələni etməyə çalışdım” - deyən Qənirə Paşayeva son 10 il ərzində Tovuzluları narahat edən bir çox problemlərin, o cümlədən Cilovdarlı kəndini narahat edən problemlərin xeyli hissəsinin də öz həllini tapdığını deyib. Kənd sakinlərinin yeni yol, yeni tibb məntəqəsi kimi istəklərinin reallaşdığını deyən deputatlığa namizəd Qənirə Paşayeva həllini gözləyən problemlərdən də danışaraq ölkəmiz gücləndikcə yaxın illərdə onların da öz həllini tapacağına inandığını deyib. Seçicilər qarşısında çıxış edən Q. Paşayeva Azərbaycanın bölgədə və dünyada artan nüfuzu, beynəlxalq siyasətdə Azərbaycanın rolu və yeri haqqında, bütün ölkədə, eləcə də 105 saylı seçki dairəsi ərazisində dövlət tərəfindən həyata keçirilmiş böyük işləri barədə  məlumat verib. Qənirə Paşayeva bildirib ki, 10 illik fəaliyyəti dövründə Cilovdarlı kənd sakinlərinin sağlamlıqla, təhsillə, şəxsi problemləri ilə bağlı yüzlərlə məktubu və birbaşa müraciətinin müsbət həll olunması üçün əlindən gələni edib, kənd sakinləri və ümumiyyətlə tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq.  Sakinləri parlament seçkilərində yaxından iştirak etməyə çağıran deputatlığa namizəd Qənirə Paşayeva bütün seçkilərdə vətəndaşların fəal iştirakını onların Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə verdikləri  dəyərli  töhfə kimi qiymətləndirmişdir. Görüşdə çıxış edən onlarla kənd sakini, ziyalılar millət vəkilinin təkcə rayon səviyyəsində deyil, respublika səviyyəsində 10 illik fəaliyyətini, onlarla mütəmadi olaraq görüşməsini, onların problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışmasını yüksək qiymətləndirdiklərini vurğulayaraq yenidən ona etimad göstərəcəklərini, ona səs verəcəklərini deyiblər. Millət vəkili kənd sakinlərini narahat edən bəzi problemlərin həlli istiqamətində onları dinləyib, müzakirələr aparıb və qaldırılan məsələlərin bir hissəsini yerində həll edən Qənirə Paşayeva qaldırılan bəzi problem və təkliflərlə bağlı isə hökumət qurumlarına müraciət edəcəyinə söz verib. O bildirib ki, kəndin əkin sahələrinin suvarılması sahəsində vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə ilə, onun nümayəndələri ilə bir neçə dəfə söhbət etdiyini deyərək kənddə yeni artezian quyularının saylarının daha da artmasına olan ehtiyac barədə onlarla müzakirələr apardığını və onların bu istiqamətdə gələn il də dəstəklərini davam etdirəcəklərinə dair söz verdiklərini vurğulayıb.

Millət vəkilliyinə namizəd Qənirə Paşayeva həmçinin kənddə yaşayan  fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. Qənirə Paşayeva bir sıra şəhid ailələri və müharibə əlil və veteranları ilə də görüşərək onların qayğı və problemləri ilə maraqlanıb.  Seçicilər millət vəkili ilə görüşdə kənddə ünvanlı sosial yardıma ehtiyac olan insanların daha çox olduğunu bildirərək ona müraciət ediblər və o da bununla bağlı  Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin rayondakı təmsilçiləri ilə müzakirə aparıb, qanunlar çərçivəsində dəstəyi daha da artırmalarını xahiş edib.  Seçicilər millət vəkilliyinə namizəd Qənirə Paşayevaya növbəti parlament seçkilərində tam dəstək verəcəklərini deyərək, ona uğurlar diləyiblər.

Şərhlər