İCAPP: Seçkinin nəticələrinə mənfi təsir edəcək hər hansı insidentlə rastlaşmamışıq

02.11.2015 15:55     Siyasi reaksiya     1873

“Ümumi seçki mühiti sakit və intizamlı idi. Missiya seçkinin demokratik nəticələrinə mənfi təsir edəcək hər hansı insidentlə rastlaşmayıb.”

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Azərbaycanda noyabrın 1-də keçirilən parlament seçkiləri ilə əlaqədar bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, seçki günü İCAPP missiyası 4 qrupa bölünüb və hər qrup müvafiq olaraq bütün gün seçki məntəqələrində müşahidələr aparıb: "Səsvermə prosesini izləmək və təsadüfi seçilmiş seçicilər, müxtəlif namizədləri təmsil edən müşahidəçilər, habelə xarici müşahidəçilərlə müzakirələr aparmaq imkanımız oldu. Həmçinin, bir neçə seçki məntəqələrində  səslərin sayılması prosesini də müşahidə edə bildik”.

Sənəddə qeyd olunur ki, online veb-kameraların quraşdırılması seçki prosesinin daha şəffaf keçirilməsinə imkan yaradıb: “Missiya ümid edir ki, builki parlament seçkilərinin nəticələri Azərbaycanda daha yetkin demokratiyanın əsaslarını möhkəmləndirəcək. İnanırıq ki, dünən Azərbaycan xalqı tərəfindən verilən qərarlar onların gələcəyi üçün ən düzgün olandır”.

Qeyd edək ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsi Azərbaycan Mərkəzi Seçki Komissiyasının dəvəti ilə 1 noyabr seçkilərini müşahidə etmək üçün Azərbaycana müşahidə missiyası göndərib. Missiyanın tərkibinə Banqladeş, Kamboca, Hindistan, Koreya Respublikası, Pakistan və Filippindən olan nümayəndələr daxil olub.

Şərhlər

Çox oxunanlar