Milli Məclisin ilk iclasını hansı deputat idarə edəcək?

03.11.2015 08:23     Siyasi reaksiya     2165

Mərkəzi Seçki Komissiyası 1 noyabrda keçirilən seçkilərin nəticələrini rəsmən açıqladı. MSK sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında bildirdi ki, MSK-ya cəmi bir şikayət daxil olub və 3 gün ərzində bunlar araşdırılacaq. Əgər şikayətlər əsaslı olarsa, məntəqələrdə seçkinin nəticələri ləğv ediləcək: “Ləğv edilən seçki məntəqələrinin sayı kifayət qədər olduqda, seçki dairəsinin nəticələri ləğv olunacaq.
 
Ancaq bununla demək istəmirəm ki, belə hal gözlənilir. Biz aşağı seçki komissiyalarının fəaliyyətindən ümumilikdə razıyıq, əməyimizin nəticəsini görürük”.
 
MSK sədri qeyd etdi ki, Azərbaycan xalqı seçkilərdə kifayət qədər yetkinlik, müdriklik nümayiş etdirir, populist davranışları qəbul etmir: “Ona görə də Azərbaycanın gələcəyi üçün optimist olmamağa əsas yoxdur. Xalqın münasibəti bizim üçün ən ali qiymətdir, hər şeyin fövqündə dayanır. Azərbaycan xalqı keçirilən seçkilərdən razıdırsa, MSK məqsədinə çatmış hesab oluna bilər”.
 
Seçkinin müşahidəçiliyini həyata keçirən xarici müşahidə qruplarının isə demək olar ki, hamısı prosesin demokratik keçdiyini bəyan ediblər.
 
Beləliklə, seçki yarışının lideri olan namizədlərdən 69-u Yeni Azərbaycan Partiyasının, 2-si Vətəndaş Həmrəyliyi Partiyasının nümayəndəsidir. Ümumilikdə digər 8 partiyadan da hərəsindən 1 nəfər olmaqla, 10 partiyanın nümayəndələri mandat əldə ediblər. Seçkilərdə mandat alan namizədlərin qalanları (44 nəfər) fərdi qayada bitərəf kimi irəli sürülmüş şəxslərdir. 
 
Hazırda mövcud olan parlamentin deputatlarından 98 nəfəri 1 noyabrda keçirilən seçkilərdə mandatlarını saxlaya biliblər. 27 nəfər isə yeni şəxslərdir. Bu isə parlamentin 22 faiz yenilənməsi deməkdir. Mandat əldə edənlərdən 124-ü ali təhsilli, 1-i orta təhsillidir. 2010-cu ildə 20 nəfər, bu dəfə isə 21 nəfər qadın namizəd seçilib.
 
Onu da qeyd edək ki, seçkinin yekun nəticələri MSK-da təsdiqləndikdən və sonra Konstitusiya Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra yeni parlament fəaliyyətə başlayacaq.
125 qalib arasında ən cavan və ən yaşlı deputatın kim olduğuna gəlincə, Milli Məclisə seçilən ən cavan deputat hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Şahin İsmayılovdur. 1986-ci il təvəllüdlü (29 yaş ) Şahin İsmayılov 81 saylı Beyləqan seçki dairəsinin seçicilərini növbəti 5 il müddətində parlamentdə təmsil edəcək.
 
Milli Məclisin ən qocaman deputatı isə xalq artisti, bitərəf Zeynəb Xanlarovadır. 1936-ci il təvəllüdlü (79 yaş) Zeynəb Xanlarova növbəti 5 il müddətinə 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat seçilib. 
 
Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, parlamentin ilk iclasını ən qocaman deputat açır, yeni seçilən deputatların siyahısını oxuyur və sədr seçilənədək birinci iclası aparır. Beləliklə, Zeynəb Xanlarova V çağırış Milli Məclisin ilk iclasına sədrlik etməlidir. Onun təklifi ilə Hesablayıcı Komissiya və bu barədə qərar qəbul edildikdən sonra sədr seçiləcək.
Xatırladaq ki, 2005-ci ildə III çağırış Milli Məclisin ilk iclasını Murtuz Ələsgərov aparıb. 2010-cu ildə IV çağırış Milli Məclisin ilk iclasını ən yaşlı deputat Cəlal Əliyev açmalıydı, lakin o xəstə olduğundan parlamentə gəlməmişdi. Bu səbəbdən də IV çağırış Milli Məclisin ilk iclasını parlamentin digər yaşlı deputatı Fəttah Heydərov (1938-ci il təvəllüdlü) açmışdı.
Ehtimal edilir ki, Zeynəb Xanlarova bu dəfə də iclası açmaq səlahiyyətini Fəttah Heydərova güzəştə gedəcək. F.Heydərov Respublika Ağsaqqallar Şurasının sədridir. 
 

Şərhlər