“Yaxın 3 il ərzində bir neçə rayon Azərbaycana qaytarılacaq” - Təhlil

19.06.2015 21:36     Siyasi reaksiya     2121

Qabil Hüseynli: “Dağlıq Qarabağ münaqişəsi həllini tapmayınca, Azərbaycanın Avrasiya Birliyinə qoşulması gündəmə gələ bilməz”

 

 

“Azərbaycan-Avropa münasibətlərindəki gərginlik Rusiya ilə münasibətləri yaxşılaşdırmaq üçün yeni şərait və imkanlar yaratdı”.

Bu fikirləri Reaksiya.Az-a açıqlamasında tanınmış politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin hazırkı gərginliyinə səbəb kimi, avropalı siyasilərin və diplomatların taktiki nöqsanlarını göstərmək olar: “Əgər Avropanın siyasi dairələri həbsdə vətəndaş cəmiyyəti nümayəndələrinin məsələsini sərt bəyanatlar və tənqidlərlə deyil, dialoqlar və digər diplomatik vasitələrlə həll etməyə çalışsaydılar, hazırkı gərginliyi müşahidə etməzdik. Lakin gəlin etiraf edək ki. Bu gərginlik Rusiya ilə münasibətlərin yaxşılaşdırılması üçün yeni şərait və imkanlar yaratdı, Azərbaycan da bundan istifadə etdi. Prinsipcə, sərt bəyanatlar qarşı tərəfi qıcıqlandırmaqdan savayı bir nəticə verə bilməz. Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirməklə bağlı vədlər verir. Hesab edirəm ki, Azərbaycan Rusiyanın öz vədlərini yerinı yetirməsi üçün bir müddət yaxınlaşmaya davam edəcək, lakin prosesin uğuru sentyabrda prezidentlərin görüşündən sonra özünü göstərəcək. Düşünürəm ki, sülh prosesinin praktik mərhələsi sentyabr görüşündən sonra başlayacaq və 3 il ərzində Dağlıq Qarabağ ətrafı rayonların bir neçəsi Azərbaycana qaytarılacaq. Ermənistan müzakirədə 5 rayonun olmasını istəyir – Kəlbəcər və Laçını saxlamaq niyyəti ilə, Azərbaycan isə 7 rayonu tələb edir. Rusiya isə Ermənistanı Kəlbəcər də daxil olmaqla 6 rayon variantını təklif edir. Rusiya indiyə kimi oyun oynayıb, lakin Azərbaycanı qazanmaq üçün, rəsmi Moskvanın Ermənistana təzyiq edəcəyini də gözləyirəm”.

O vurğulayıb ki, Azərbaycan Aİ ilə münasibətləri də pozmaq niyyətində deyil: “Azərbaycan iqtisadi və siyasi münasibətlərdəki balansı qorumaq niyyətindədir. Hesab edirəm ki, Avropa Oyunlarından sonra bu gərginlik 6 ay, maksimum 1 il davam edə bilər. Lakin Azərbaycan bu münasibətləri qaydasına salacaq. Azərbaycanı itirmək nə Avropanın, nə də ABŞ-ın marağında deyil. Ortada böyük enerji layihələri var. Eləcə də digər məqamlarda Azərbaycan önəmli rol oynayır. Lakin Rusiya da önəmli faktordur və Azərbaycan bu faktoru nəzərə almalı, diplomatik arenada Rusiya ilə münasibətlərə əhəmiyyət verməlidir”.

Q.Hüseynli bir sıra rusiyalı ekspert və politoloqların “Azərbaycan Avrasiyaya qoşulsa, Rusiya münaqişəni həll edəcək” kimi fikirlərini “absurd” adlandırıb: “Heç bir siyasi xadim bu avantüraya getməz. Şəxsən, mən bu ittifaqın perspektivini görmürəm. Lakin Azərbaycan heç vaxt torpaqlar qayıtmadan bu addımı atmayacaq, buna əminəm".

 

Rüfət

Reaksiya.Az

 

Şərhlər

Çox oxunanlar