Dünyada məndən xoşbəxti olmayacaq! - Araz Əlizadə

05.11.2015 15:25     Siyasi reaksiya     2202

“Azərbaycanın öz azərbaycançılıq modeli var və azərbaycançılıq yolunu davam etdirməlidir”.

Bu sözləri Reaksiya.az-a açıqlamasında Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri, millət vəkili Araz Əlizadə deyib.

Son 20 ildə ilk dəfə millət vəkili seçilən Araz Əlizadə beşillik fəaliyyəti çərçivəsində Azərbaycanın daxili və xarici siyasəti ilə bağlı hansı təklifləri irəli sürəcəyi, hansı yenilikləri edəcəyi ilə bağlı fikirlərini bölüşüb.

O, daxili siyasət ilə bağlı irəli sürəcəyi təkliflərini belə sıralayıb: “ASDP olaraq, hər ailənin dövlət tərəfindən tam təmin olunmasını istəyirik. Analar  yer süpürmək, xadiməlik kimi işlərlər məşğul olmamalıdırlar. Ana özü çox şərəfli addır, ona görə də qadınlar ancaq peşə karyerası qurmaq naminə işləməlidirlər. İkinci olaraq müəllimlərə layiqli həyat təmin etməyin tərəfdarıyıq. Onlar bütün savadlarını, güclərini dərsdə sərf etməlidir, repititorluğa vaxt ayırmamalıdırlar. Sonra evdə övladlarını tərbiyə etməklə məşğul olmalı və onların da savadlı olmaları üçün çalışmalıdırlar".

Millət vəkili hərbi xidmətə çağırış yaşı ilə bağlı da fərqli düşündüyünü qeyd edib: "Gənclərimiz 18 yaşında hərbi xidmətə getməməlidirlər, onlar təhsillərini davam etdirərək müəyyən peşəyə yiyələnməlidir. Hərbi xidmətə yaş həddinin 25 olması məqsədəuyğundur. O yaşda şəxslər artıq özü düşünülmüş şəkildə müqaviləyə əsasən orduda iştirak etməyi qəbul edəcəklər. O zaman bizim daha güclü müzəffər ordumuz olacaq. İstənilən düşmənə qalib gələrək torpaqlarımızı qoruyacaq. Mən 5 il ərzində bunu edə bilsəm, dünyada məndən xoşbəxt adam olmayacaq”.

A. Əlizadə Azərbaycanın xarici siyasətini dəstəklədiyini vurğulayıb: “Müxalifətdə olsam da, Azərbaycanın apardığı xairici siyasət ilə tam razıyam, Azərbaycan özünə böyük qardaş axtarmır. Azərbaycan heç kəsin qoltuğunun altında qalmağa çalışmır. Kim Azərbaycanla bərabərhüquqlu əməkdaşlıq etmək istəyirsə, Azərbaycanda onlarla bərabərhüquqlu əməkdaşlıq etməyə razıdır. Bizi hansısa qarşıdurmaya çəkmək istəyənlər bizə lazım deyil. Biz Avropa ilə, Asiya ilə, ABŞ ilə, Rusiya ilə də bərabərhüquqlu  normal iqtisadi və dostluq əlaqələri qurmalıyıq. Heç kəs heç kəsdən artıq deyil və olmamalıdır”.

Azərbaycanda avrasiyaçılıq tendensiyasının formalaşması ilə bağlı sualımızı isə millət vəkili belə cavablandırıb: “Azərbaycanın öz azərbaycançılıq modeli var və azərbaycançılıq yolunu davam etdirməlidir”.

A. Əlizadə namizədliyini irəli sürdüyü 35 saylı Xətai üçüncü seçki dairəsində səslərin sıfırlanması ilə bağlı məsələyə də münasibət bildirərək rəqibi İqbal Ağazadənin düzgün rəqabət aparmadığını qeyd edib: “Kişi kişi kimi udmağı da, uduzmağı da bacarmalıdır. Seçki kampaniyası zamanı bütün prosesi saxtakarlıq üzərində quran adam seçkinin nəticələrinin saxta olduğunu deyir. Saxtakarlıq olubsa sübut etməlidir. Mən onun saxta sənədlərini prokurorluğa təqdim etmişəm. Onun qardaşının mənim səlahiyyətli nümayəndəmin evinə adam göndərməyini yaxalayıblar. Maşının nömrəsi də məlumadur, onları İqbal Ağazadənin qardaşı İlqar Ağazadənin göndərdiyini də boyunlarına alıblar. Seçki günü onların karusel düzəltməklərinin hamısının sübutu var, paltarlarını avtobusda necə dəyişdiklərinə qədər çəkmişik. O bunlardan birini belə ortaya qoysun ki, Araz Əlizadə edib”. 

Şərhlər