Etibar Məmmədovun qayıtmasını istəyənlər var - AMİP-in baş katibi

06.11.2015 19:15     Siyasi reaksiya     2015

"Partiya daxilində Etibar Məmmədovun sədrliyə qayıtmasını istəyənlər var".

Bu sözləri Reaksiya.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Arzuxan Əlizadə sabiq sədr Yusif Bağırzadənin istefasından sonra partiyadakı vəziyyəti şərh edərkən deyib.

"Bildiyiniz kimi, sədr oktyabrın 7-də istefa verib. Ondan sonrakı dövrdə partiyanın əsas fəaliyyət istiqaməti noyabrın 1-də baş tutacaq seçkilər idi. Bütövlükdə partiyanın bütün resursları və bütün potensialı seçkilərə yönəlmişdi. AMİP-in nizamnaməsinə görə, partiyanın sədri istefa verdiyi, sədr postu istənilən halqa boşaldığı təqdirdə növbəti qurultaya qədər partiya sədrinin səlahiyyətlərini baş katib icra edir. halhazırda bu səlahiyyətlər mənim üzərimə qoyulubdur, partiyanın Siyasi Şurası tərəfindən və nizamnaməyə müvafiq olaraq. partiyanın Siyasi Şurası, Adi Qanunverici orqanı  Mərkəzi Şuranı çağırır və qurultayın yerinin və gününün müəyyən olunması ilə bağlı qərarı Mərkəzi Şura verir. Növbəti etapda Mərkəzi Şura çağırılacaq və qurultayla bağlı qərar veriləcək", - deyə AMİP baş katibi bildirib.

A.Əlizadə qeyd edib ki, bugün təkcə AMİP deyil, ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalarda geriləmə müşahidə olunur: "Ümumilikdə qorxulu bir haldır. Və baş verən olaylar da bunu göstərdi, yəni siyasi partiyalar ölkə siyasətinə təsir edə bilməyəcəyi təqdirdə yeni radikal qrupların, digər radikal təbəqənin aktivləşməsi prosesi baş verir. Ölkənin gələcəyi, normal demokratik mühitin formalaşması üçün qorxulu tendensiyadır. AMİP-də də əvvəlki güc yoxdur, bunu etiraf etmək lazımdır. Amma biz şübhəsiz çalışacağıq ki,  partiyanın potensialını, gücünü özünə qaytaraq".

O, partiyanın qurucusu və lideri Etibar Məmmədovun sədr postuna qayıtması ehtimalını da şərh edib: "Etibar Məmmədov partiyanın lideridir, lider statusu sədr statusundan daha üstün hesab olunur. Etibar bəy özü dəfələrlə bildirib ki, onun partiyaya qayıtmaq fikri yoxdur. Partiyanın rəhbərliyinə qayıdıb qayıtmaması onun şəxsən öz qərarına bağlı olan məsələdir. Etibar bəy dəfələrlə bu məsələyə dəfələrlə cavab verib və o partiytanın lideri statusunda qalacaq. Sədrliyə isə qurultaya qərar verildikdən sonra partiya daxilindən namizədlər irəli sürüləcək. AMİP-də həm rəhbərlik, həm də üzvlər səviyyəsində Etibar Məmmədovun partiya rəhbərliyinə qayıtması ilə bağlı təkliflər səslənir. Bu təkliflər son 10 il ərzində bir neçə dəfə olub və indi də var. Amma bir daha qeyd etmək istəyirəm ki, Etibar bəy kifayət qədər yüksək statusa malik şəxsdir. Partiyanın funksional idarəçiliyində bilavasitə iştirak etməsə də, partiya rəhbərliyi zaman zaman onun təcrübəsindən və tövsiyələrindən yararlanır".

"Özünüz sədr postuna namizədliyinizi sürməyi düşünürsünüzmü?" sualına isə Arzuxan Əlizadə belə cavab verib: "Mən hələlik bu məsələyə münasibət bildirmək istəmirəm. Ümumiyyətlə bizdə belə yazılmamış qayda qəbul olunub ki, qurultayla bağlı qərar veriləndən sonra Mərkəzi Şurada qurultayda sədrliyə ixtiyarı olan namizədlər artıq partiya daxilində öz namizədliklərini irəli sürməyə başlayırlar. Mənim indidən məsələyə münasibət göstərməyim digər namizədliyini verəcək şəxslərlə qeyri-bərabər mühit yarada bilər".

 

Şərhlər