Qırğızlar Rus Çarlığı dövründə soyqırıma məruz qaldıqlarını iddia edirlər

12.11.2015 10:53     Siyasi reaksiya     2138

Rus Çarlığı dövründə Qırğızıstanda yüz minlərlə adamın həyatını itirdiyi Ürküdən (Köç) hadisəsi ilə əlaqədar yaradılan komissiya ilk açıqlamasını verib.

Reaksiya.az xəbər verir ki, Qırğızıstan prezidenti Almazbek Atambayev qərarı ilə yaradılan xüsusi işçi qrupu, qırğızlara qarşı soyqırımın həyata keçirildiyini iddia edib. Hesabata görə, 1916-ci ildə Rus çarlığının I Dünya müharibəsində orduda arxa cəbhədə işlədilmək üçün cəbhəyə çağırdığı Türkistanlılar, bunu qəbul etməyərək qiyama başlamışdı. Sərt bir şəkildə yatırılan qiyamdan sonra xalq, canını qurtarmaq üçün Çinə köç etmişdi. Miqrasiya və qiyam əsnasında həyatını itirənlərin sayının 350 min ilə 600 min nəfər civarında olduğu iddia olunur. Komissiya həmin hesabatını təşkil etdiyi mətbuat konfransında açıqlayıb.

Komissiya üzvü Mambetcunus Abilov mətbuata verdiyi açıqlamada Almazbek Atambayev qərarı ilə qurulan xüsusi işçi qrupunun alimlər və tarixçilərdən ibarət olduğunu, hesabatın olduqca obyektiv hazırlandığını ifadə edib.

Prezident Atambayev bu ilin may ayında həmin faciənin 100 illiyi üçün hazırlıqların başlaması ilə əlaqədar fərman imzalayıb. Atambayevin qərarından sonra həmin komissiya yaradılmışdı.

Şərhlər