“Milli Şura İbrahimbəyovdan imtina etsə, təəccüblənməyək” - Replika

22.06.2015 17:29     Siyasi reaksiya     1987

Vüsal Məmmədov: “Rüstəm İbrahimbəyov Osmanlı və Bizansdan da danışa bilərdi, amma... ”

"Aydındır ki, pulunu kim verirsə, Rüstəm İbrahimbəyov da onun marağına uyğun danışır. Əgər məsələn, Türkiyədən maliyyələşsə idi, Krımın Osmanlıya aid olduğu vaxtlardan danışıb, Giray xanın sülaləsini yada salacaqdı. Qərbdən maliyyələşsə, Krımın Bizans imperiyasındakı yerindən söz aça bilərdi. Amma Rusiyadan maliyyələşir və bu maliyyəni doğrultmalıdır. Ona görə də, əslində təəccüblənmirəm".

Bu sözləri Reaksiya.Az-a açıqlamasında tanınmış jurnalist, Azvision.Az saytının baş redaktoru Vüsal Məmmədov bildirib.

"Amma təbii ki, İbrahimbəyovun ortaya qoyduğu məntiq tamamilə absurddur: ədəbi əsərlərlə görə müəyyən etsək, indi Təbriz də, İrəvan da, Borçalı da, Dərbənd də Azərbaycan torpağı olmalıdır! Mənə maraqlı gələn başqa tərəfdir: Milli Şura öz fəxri sədrinin bu yanaşmasını necə yuyub-təmizləyəcək? Qərbdəki sponsorlarına necə izah edəcək? Ona görə də, tezliklə Milli Şuranın Rüstəm İbrahimbəyovdan imtina etdiyini eşitsək, təəccüblənməyək… Bu qurum öz aləmində guya Rusiya ilə Qərbin arasında orta xətt tutmaq və hər ikisindən faydalanmaq istəyir, amma belə görünür ki, çətin olacaq", - deyə V.Məmmədov qeyd edib.

Sayt rəhbəri İbrahimbəyovun "ermənilər düşmənimiz" açıqlamasına da toxunub: "O ki qaldı bizim erməni xalqı ilə düşmən olmadığımız haqda fikirlərə, bu da təzə bir şey deyil, illərdir ki, bunu bizim beynimizə yeritməyə çalışırlar. Biz bu dostluğu qəbul etsək, sonra nə olacaq? Axı dostla vuruşmazlar… Torpaq isə “dost”un işğalındadır…Əgər bir qurumun fəxri sədri belə deyirsə, onun üzvləri hansı sifətlə Qarabağdan danışacaqlar? Hərçənd, bu, onlar üçün problem deyil – onların sifəti çoxdur".

Vüsal Məmmədov başqa bir məsələni də yada salıb: "Bir vacib məqam da var: İbrahimbəyovun çəkdiyi filmdə azərbaycanlı qadın erməniyə ərə gedib, ondan uşaq doğub və sonra ikinci dəfə azərbaycanlıya ərə gedib. İndi həmin azərbaycanlı ata azərbaycanlı arvadının birinci əri olan ermənidən doğduğu uşağı böyüdür. Bu, nə absurd teatrıdır belə? Adətən bizimkilər ermənidən qız alıblar, amma erməniyə qız verməyiblər. Bəlkə də istisna hal kimi haradasa belə bir şey olub. Amma bu, qaydanı təsdiqləyən istisnalar sinfinə daxildir. Hətta olubsa belə, onu filmin əsasında qoymaqla hansı mesaj verilir? Burada çox yaramaz və vicdansızcasına bir mesaj gizlədilib: guya azərbaycanlıların genefondunda gizli şəkildə erməni genləri var. İbrahimbəyov bunu eləməklə Azərbaycanda istisnasız olaraq hamının nifrətini qazanacaq. Bircə radikal müxalifətdən başqa"...

Şərhlər

Çox oxunanlar