Həmin şəxslər bəlli məqsədlərə qulluq edir - Məzahir Pənahov

18.11.2015 17:13     Siyasi reaksiya     1930

Azərbaycanda keçirilən seçkiləri dünyada keçirilən seçkilərlə müqayisə etməkdə heç bir problem yoxdur.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

O, qeyd edib ki, Azərbaycanda keçirilən seçkilərə bir çox beynəlxalq qurumların nümayəndələri dəvət alıb və iştirak edib. M.Pənahovun sözlərinə görə, çoğrafi baxımdan müşahidəçilər Yer kürəsinin demək olar ki, bütün ərazisini əhatə edib, Amerikadan tutmuş Avstraliyaya qədər ölkələrdən olan müşahidçilər seçkiləri müşahidə edib:

“Bütün müşahidəçilər seçkiləri müsbət qiymətləndirib, amma nədənsə bəziləri bunu görmək istəmir”.

MSK sədri bildirib ki, seçicilər seçkilər zamanı sərbəst şəkildə öz iradələrindən istifadə edib və istədikləri namizədə səs veriblər.

M.Pəhanov vurğulayıb ki, Azərbaycan seçki qanunvericiliyi beynəlxalq standartlara cavab verir, Seçki Məcəlləsi beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanıb və daim təkmilləşdirilir.

MSK sədri bildirib ki, seçkilərin şəffaflığını təmin etmək üçün ən son texnologiyalardan, o cümlədən veb-kameralardan istifadə edilib.

Seçkilər zamanı bəzi nöqsanlara gəlincə, M.Pənahov qeyd edib ki, dünyanın bütün ölkələrində seçkilər zamanı hansısa xoşagəlməz hallar baş verir:

“Ancaq əsas odur ki, bu hallara adekvat reaksiya verilsin və aradan qaldırılsın”.

M.Pənahov bildirib ki, bəziləri seçkilər zamanı pozuntuların baş verdiyini iddia edir, ancaq konkret faktlar ortaya qoya bilmir:

“Buradan məlum olur ki, həmin şəxslər bəlli məqsədlərə qulluq edir”.

 

Şərhlər