Azərbaycan və Ermənistan prezidentləri görüşə bilərlər - Dekabrda

19.11.2015 11:06     Siyasi reaksiya     1834

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü çox güman ki, dekabrın əvvəlində baş tutacaq.

Reaksiya.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə erməni parlamentinin vitse-spikeri, hakimiyyətdə olan “Ermənistan Respublika partiyası”nın mətbuat katibi Eduard Şarmazanov partiyanın iclasından sonra bildirib.  

“Prezidentlərin görüşü yaxın həftələrdə baş tutacaq. Dekabrın əvvəlində Əliyev-Sarkisyan görüşünün mümkün olacağını güman edirəm. Bu görüşün hansı gün keçiriləcəyi barədə prezident aparatı qəbul olunmuş qaydalar üzrə xəbər verəcək”, - Şarmazanov deyib.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andriye (Fransa) 26-28 oktyabr tarixlərində münaqişə regionuna səfər ediblər.

Səfərin nəticələrinə görə vasitəçilər Azərbaycan və Ermənistan prezidentlərinin ilin sonuna qədər yüksək səviyyədə görüş keçirməyə hazır olduqlarını təsdiqləmələri barədə bəyanatla çıxış ediblər.

Şərhlər