Mütəllibov gərək hamımızı qıraydı... - Sabir Rüstəmxanlı

19.11.2015 13:13     Siyasi reaksiya     2760

“Araz Əlizadə fars şovinistlərinin sözlərini deyir”.

Reaksiya.az xəbər verir ki, bu sözləri Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, keçmiş millət vəkili Sabir Rüstəmxanlı millət vəkili Araz Əlizadənin Ölkə.az saytına verdiyi müsahibəsini şərh edərkən deyib. 

O, Araz Əlizadənin Güney azərbaycanlıların Azərbaycan türkü  yox, azərbaycanlı olması ilə bağlı sözlərini qiymətləndirərək absurd fikir oluğunu qeyd edib: “Güney Azərbaycanlılar farsdırlar və sonradan türk dilini öyrəniblər. Bu fikr fars şovinizminin iddiasıdır. Belə bir iddia Əhməd Kəsrəvi tərəfindən ortaya atılıb. Onun kökü azərbaycanlı idi, amma o da kökünə xəyanət eləmiş azərbaycanlılardan sayılmalıdır. Bu, absurd və əsassız fikir idi. Hər halda xalq özünün kimliyini daha yaxşı bilir. Araz Əlizadə özünü Hind Avropa irqinə məxsus hesab edə bilər, amma biz türkük. O azərbaycanlı deyərək bizi cavan xalq statusu verə bilər. Hər halda bu cavan xalqın 1300 illik Dədə Qorqud kimi abidəsi, böyük bir ədəbiyyatı, böyük bir tarixi var. Ona görə də cavan, ya qoca olduğunu bu xalq özü çox yaxşı bilir. Bu xalq özünə türk deyir, Araz Əlizadə özünü türk saymırsa, onun öz işidir. Amma bunu bütövlüklə xalqa aid etmək olmaz”.

S.Rüstəmxanlı azərbaycanlı ifadəsinin Stalin rejimi zamanı aktuallaşdığını vurğulayıb: “Azərbaycan xalqı dediyimiz xalq türk xalqlarının bir qoludur, Azərbaycan türkləridir. 30-cu illərə qədər buna türk deyirdilər, millət də özünü türk sayırdı. 30-cu illərdə Stalin azərbaycanlı sözünü  ortaya atdı və burada məqsəd Azərbaycanın bütün tarixindən qoparmaq, keçmişindən məhrum etmək idi. Stalin istəyirdi ki, ruslardan başqa bütün xalqlar yeni yaranan xalqlar olsun, ona görə də türklərin hamısının adlarını, əlifbalarını dəyişməklə onları tarixindən qopardıb, hamısı Rusiyanın hesabına yaranmış yeni xalqlar kimi təqdim etsin. Həyat ona yanlışlığını göstərdi və bu ideya sıradan çıxdı”.

O, Azərbaycan xalqının mənşəyinin türk olduğunu və bunu inkar etməyin yanlışğını dilə gətirib: “Azərbaycanlı” sözü o yerə mənsub olan insanlar anlamını daşıyır, millət  anlamında işlənmir. Biz vətəndaşlıq anlamında azərbaycanlıyıq. Millət olaraq isə biz türk millətinin bir parçasıyıq və 100 illərdir özümüzə türk demişik, bunu inkar eləmək olmaz. Azərbaycançılığı türkçülüyə qarşı qoymaq düzgün deyil. M.Ə.Rəsulzadə bunu çox aydın formada ifadə edirdi ki, azərbaycançılıq deyəndə türkçülüyü düşünürəmsə, türkçülük deyəndə də azərbaycançılığı düşünürəm. Ona görə də yeni bir azərbaycanlı milləti icad etmək olmaz. Azərbaycanda başqa azsaylı xalqlar da var, məsələn talış özünə talış, ləzgi özünə ləzgi deyir. Millət olaraq Azərbaycanda azərbaycan türkləri var, bir də yerdə qalan azsaylı xalqlar var”.  

VHP sədri həmçinin Araz Əlizadənin 1992-ci il hadisələri (Ayaz Mütəllibovun etirazlar nəticəsində hakimiyyətdən getməsi) ilə bağlı fikirlərini də şərh edib.

O, “qiyama qarşı güc tətbiq olunmalı idi” sözlərinə toxunaraq deyib ki, A.Mütəllibova qarşı etirazların əsas səbəbi Xocalı faciəsi idi.

“Araz Əlizadə ilə Ayaz Mütəllibov arasında nə söz olub, onu deyə bilmərəm, amma hər halda Ayaz Mütəllibovun getməsi Xocalı hadisəsi ilə bağlı idi. Xocalı faciəsi müzakirə olunan zaman, bütün səbəblər Milli Məclisdə dəfələrlə göstərildi və Ayaz Mütəllibov istefa verdi. Ayaz güc tətbiq edirdisə, onu gərək Xocalıda ermənilərə tətbiq edəydi. Ya da, gərək Milli Məclisdə hamını qıraydı, deyəydi ki, “siz mənim istefamı tələb etməyin”. Mümkün olsaydı, onu edə bilərdi, amma mümkün olan bir şey deyildi. Ayaz Mütəllibov vəziyyəti nomal qiymətləndirib bu addımı atdı.  İndi bu barədə danışmaq, məsələni başqa səmtə yönəltmək düzgün deyil”, - deyə S.Rüstəmxanlı əlavə edib.

Şərhlər