“Bunlar müəyyən qüvvələrin maraqlarını təmin edən cinayətkar qruplaşmalardır” - Millət vəkili

26.11.2015 21:42     Siyasi reaksiya     2859

Nardaran hadisələri ilə bağlı Reaksiya.az-a açıqlama verən Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib ki, bu hadisənin özü elə bir çox gizli məqamların üzə çıxmasına səbəb olub: “Bir çox məqamların iç üzü açıldı. Çünki burda nə din, nə də dindarlıq məsələsi var. Burda olan qruplaşmalar qonşu ölkələrin birindən yönləndirilir. Onlara hər cür şərait yaradılır ki, onlar lazım olan anda Azərbaycan dövlətinə qarşı çıxsınlar. Bunun da nəticəsini gördük. Tez-tez deyirdilər ki, biz guya dini, ideoloji, fikir prülarizmi əsasında fəaliyyət göstəririk. Biz isə onların müəyyən qüvvələrin maraqlarını təmin edən cinayətkar qruplaşma olduğunu bildirirdik. Bu gün iki polisimizin şəhid olması onu göstərdi ki, bu cinayətkar qruplar ayaq üstədirlər və təhlükəlidirlər. İndi buyursunlar bu gün bir zamanlar bu adamları siyasi məhbus siyahısında adlarını qeyd edənlər cavab versinlər! Bu cinayətkarları “siyasi məhbus” kimi cəmiyyətə təqdim edənlərin özləri də bu cinayətkar qruplarla həmrəy, həmfikir olan insanlardır".

O, dövlətin baş verən hadisə ilə bağlı lazımı addımları atacağını qeyd edib: "Biz bu gün Azərbaycan dövlətinin hüquq-mühafizə orqanlarına güvənməliyik, bu kriminal ünsürlərin din pərdəsi altında ölkəmizdə fəaliyyət göstərməsinin qarşısı alınması üçün onlara dəstək olmalıyıq. Son dövrlərə qədər Azərbaycanda belə bir tendensiya var idi ki, sanki ən böyük təhlükə Suriyaya gedənlər idi, bir tərəflə mübarizə sanki digər tərəfi bir qədər unutdurmuşdu. Amma bu qüvvələrin hamısına qarşı mübarizə aparmaq lazımdır. Nardarandakı hasidələr də bunun bir bariz nümunəsidir ki, dövlətimiz bu məsələlərdə laqeyd qala bilməz və bu günkü silahlı müqavimətin özü bir daha göstərdi ki, burda kifayət qədər ciddi, həlli vacib problemlər var, bu problemlər də öz həllini tapmalıdır ki, ölkədə sülh və əmin-amanlıq pozulmasın”.              

                 

 

Şərhlər