Millət vəkili Nardarandakı hadisə ilə bağlı gənclərə müraciət etdi

26.11.2015 23:44     Siyasi reaksiya     2111

Millət vəkili Nardaran bu gün baş verən hadisə ilə bağlı Azərbaycan gənclərinə müraciət edib.

Reaksiya.az xəbər verir ki, Facebook profilində müraciəti yerləşdirən millət vəkili Nardaranda baş verən hadisə ilə bağlı üzüldüyünü və narahat olduğunu deyib.

“Ona görə də sosial şəbəkələrdə bu məsajımı oxuyacaq Azərbaycan gənclərinə səslənirəm.

Jurnalistlik və sonra da millət vəkili fəaliyyətim dövrü ərzində işimlə bağlı olmadığım müsəlman ölkəsi yoxdur. Din pərdəsi arxasında gizlənən radikal qruplar üzündən bir çox müsəlman ölkələrinin düşdüyü acı duruma, əziyyət çəkən insanların ağrısına həmişə üzülmüşük və hər dəfə Allah bizi bu cür bəlalardan qoru deyə dua etmişik.

Din pərdəsi arxasında gizlənən radikal qruplar hər zaman ölkəni zəiflətmək, parçalamak, istədiyini yerinə yetirməyə məcbur etmək istəyən dövlət və güclərin əlində vasitə olub. Sadəcə bir az müsəlman ölkələrinin tarixini oxuyub, bu gününə baxmaq, bir az analiz etmək bunun üçün yetərlidir.

Ölkəmiz asanlıqla müstəqilliyini yenidən bərpa etmədi. Çox çətinliklərdən keçərək bu günlərə gəldik. Bu gün evlənəndə belə evləndiyimiz insanın hansı məzhəbdən olduğunu sormağın bir müsəlman üçün doğru olmadığı, məzhəb fərqliliyi üzündən bir-birimizə soyuq yanaşmağın nə qədər yanlış olduğu bililncində olan bir toplumuq biz.

Bir dəqiqəlik müsəlman ölkələrinə göz gəzdirin və barmaqlarınızı qatlayaraq o ölkələrdən neçəsinin liderinin, rəhbərinin ölkəsində məzhəb, təriqət üzərində siyasət yürütmədiyinə baxın.

Əksəriyyəti məzhəbini,təriqətini açıq söyləməkləri azmış kimi dövlət siyasətində də bu faktorları əsas götürür ki, bu da o ölkələrdə hər zaman daim partlamağa hazır bir gərginlik yaradır. Təssüf ki, bəzilərində bu hətta açıq savaş halına gəlib...

Prezidentimiz cənab İlham Əliyev nadir müsəlman ölkəsi liderlərindəndir ki, onun siyasətində heç zaman məzhəb,təriqət faktoru olmayıb.

Bunun nə qədər önəmli olduğunu bilmək üçün sadəcə bir dəfə müsəlman ölkələrinin birində olmaq yetər. Əziz gənclər, ölkəmizi zəiflətmək, radikal qruplara dəstək verməklə öz maraqlarını təmin etmək istəyən güclərə arzularına çatmaq üçün fürsət verməməlisiniz. Ölən bizim insanımız, qazanan onlar olacaq. İnanırıq ki, hər biriniz baş verən son hadisələrə soyuqqanlı yanaşacaq və dövlətimizin yanında olacaq, ölkəmizə zərər vurmaq istəyənlərə imkan verməyəcəksiniz. İnanıram ki, din pərdəsi altında öz maraqlarını həyata keçirmək istəyənlərin əlində alət olmayacaqsınız.

Dövlətimiz hamımızındır. Onun gücü bizim gücümüz, zəifləməsi hamımızın zəifləməsi deməkdir. İnanıram ki, siz oyunların arxasında duran maraqları anlayacaq və dövlətimizin yanında yer alacaqsınız”.

Şərhlər