Müdafiə naziri Milli Ordunun vəziyyətindən danışdı

24.06.2015 11:21     Siyasi reaksiya     2078

İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ötən ildən bu günədək Ordumuzun vəziyyəti, əsas prioritetləri, aparılan islahatlar, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüb.

Müdafiə Nazirliyindən Reaksiya.Az-a verilən məlumata görə, Zakir Həsənov bildirib ki, Ordumuzun döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, şəxsi heyətin müasir silah və texnikadan məharətlə istifadə bacarığına yiyələnməsi üçün maddi-texniki bazanın inkişaf etdirilməsi, qabaqcıl üsulların tətbiqi ilə təlim və tədris sisteminin daim təkmilləşdirilməsi, hərbi təhsilin və hərb elminin günün tələbləri səviyyəsinə qaldırılması üzrə bir sıra əhəmiyyətli tədbirlər görülərək bu sahədə işlər davam etdirilir, şəxsi heyətin yeni döyüş şəraitinə uyğun təlimlərinə diqqət artırılır.

"İlk növbədə, qeyd etmək istərdim ki, Ali Baş Komandanın tapşırığı ilə 2015-ci il Silahlı Qüvvələrdə döyüş hazırlığı ili elan olunub. Qarşımıza qoyulan məqsəd isə hər bir hərbi qulluqçunun, tutduğu vəzifədən asılı olmayaraq, öz yerində tapşırıqları yüksək səviyyədə yerinə yetirməsinə qadir olması və vəzifələrini döyüş şəraitinə uyğun bacarmasıdır. 

İstənilən səviyyələrdəki qərargahlarda, idarəetmə məntəqələrində şəxsi heyətin biliyi, bacarığı, təcrübəsi və vərdişləri təkmilləşdirilir. Döyüş hazırlığının çöl şəraitində, o cümlədən müəyyən hissəsinin gecə vaxtı, özü də birbaşa döyüş şəraitinə uyğun keçirilməsinə üstünlük verilir. Bununla əlaqədar döyüş hazırlığı planına uyğun olaraq, Silahlı Qüvvələrin bütün birlik və birləşmələrində, Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordusunda, o cümlədən Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrində, tank, artilleriya, kəşfiyyat, mühəndis-istehkam hərbi hissələrində, Xüsusi Təyinatlı Qüvvələrdə gündüz və gecə şəraitində müxtəlif səviyyəli irimiqyaslı təlimlər keçirilir".

Nazir xüsusi qeyd edib ki, qısa müddət ərzində tam təmin olunmuş yeni poliqonlar inşa edilib və şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi üçün müvafiq şərait yaradılıb. Burada əsas məqsəd ordunu gələcək döyüşlərə hazırlamaq, zabit və əsgərlərin qarşısında duran vəzifələrin yüksək səviyyədə icrasını təmin etməkdir.

"Dövlət başçısının tapşırığına əsasən, Müdafiə Nazirliyinin döyüş hazırlığı planına uyğun olaraq keçirilən təlimlərə ehtiyatdan çağırılan hərbi vəzifəlilər də cəlb edilib. Onlar bu təlimlərdə iştirak etməklə döyüş qabiliyyətlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirmək, müasir silah və hərbi texnikanın nümunələri ilə yaxından tanış olmaq, düzgün istifadə və istismarı qaydalarını bilmək imkanı əldə ediblər".

Müdafiə naziri hərbi sahədə əməkdaşlığa dair imzalanmış sazişə əsasən, ilk dəfə keçən ilin sentyabr-oktyabr aylarında Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin ölkəmizdə “TurAz Qartalı 2014” və cari ilin martında Türkiyədə keçirilən “TurAz Şahini 2015” təlimlərini xatırlatladıb. İlk dəfə olaraq Azərbaycan şahinləri ikiyerli “F-16” tipli döyüş-təlim qırıcı təyyarələrində uçuşlar yerinə yetiriblər.

"İkitərəfli əməkdaşlıq çərçivəsində Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunlarının, Hərbi Hava Qüvvələrinin, Raket və Artilleriya Qoşunlarının bölmələri cəlb olunmaqla əvvəl Qars vilayətində, sonra isə may ayında Bakıda və Naxçıvanda döyüş atışlı birgə taktiki təlimləri, iyunda isə Azərbaycan, Türkiyə və Gürcüstanın Xüsusi Təyinatlı qüvvələrinin “Qafqaz Qartalı” təlimi keçirilib.

Bu əməkdaşlıq çərçivəsində ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyi, enerji və nəqliyyat infrastrukturlarının mühafizəsinin təşkili və gücləndirilməsi məqsədilə hər il birgə kompyuter dəstəkli komanda-qərargah təlimi (“Eternity”) keçirilir. 

Təlimlər, yoxlamalar və digər tədbirlər ordumuzun müasir döyüşün ən mürəkkəb tapşırıqlarını belə müvəffəqiyyətlə yerinə yetirməyə hazır olduğunu, onun döyüş qabiliyyətinin və peşəkarlığının, yeni silah sistemlərindən və döyüş texnikasından ustalıqla istifadə etmək bacarığının əhəmiyyətli dərəcədə artdığını göstərdi.

Ötən ilin yay aylarında cəbhə xəttində hadisələrin gərginləşməsi, noyabr ayında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistanın Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 tipli döyüş helikopterinin məhv edilməsi, döyüşlərdə canlı qüvvə sarıdan xeyli sayda itki verən Ermənistan Silahlı Qüvvələrinin təxribat törətmək planlarının tam alt-üst edilməsi bir daha ordumuzun kifayət qədər gücə malik olduğunu sübuta yetirdi".

Şərhlər

Çox oxunanlar