Xaricdə dini təhsil alan gəncləri diqqətdə saxlamalıyıq - Ekspert

27.11.2015 14:55     Siyasi reaksiya     2041

“Cinayətkar şəxslər dinindən, məzhəbindən, tutduğu yoldan asılı olmayaraq, əgər hansısa cinayət törədibsə, cəzalandırılmalıdır”.

Bu sözləri Reaksiya.az-a Nardaran hadisələri ilə bağlı açıqlamasında "Gəncliyin Elmi Mədəni İnkişafı" İctimai Birliyinin (GEMİ) sədri, təhsil eksperti Sərdar Yusifoğlu bildirib.

O, baş verən hadisələri kəskin şəkildə qınayıb : “Media müstəqil qurumdur və onun işi baş verən prosesləri ədalətli şəkildə işıqlandırmaqdan ibarətdir, jurnalistlərə qarşı hansısa təzyiqlərin göstərilməsini qınayıram. Cinayətkar şəxslər dinindən, məzhəbindən, tutduğu yoldan asılı olmayaraq, əgər hansısa cinayət törədibsə cəzalandırılmalıdır. Bu hadisələrin başvermə səbəblərini diqqətdə saxlamaq lazımdır. Müxtəlif ölkələrdə dini təhsil alan Azərbaycan gənclərinin sayı kifayət qədər çoxdur. Onların fəaliyyəti nəzarətdə saxlanılmalı, həmin ölkələrdəki səfirliklər vasitəsilə diqqət mərkəzinə alınmalıdır. Bəzi şəxslərin xarici kəşfiyyatla əlaqədə olması, ya da xarici dövlətlərin nüfuz təsiri altında olması barədə məlumatları da əsassız saymaq olmaz. Onların da əksəriyyəti xaricdə dini təhsil alanlar olur.  Bəzi adamların xəmiri xəyanətlə yoğrulub, bəziləri isə çaşqınlıqdan və bilməzlikdən bu yola düşür. Ona görə də, biz həmin gənclərlə düzgün işləməliyik”.

S.Yusifoğlu cəmiyyətdə düzgün maarifləndirmə işləri apararaq belə neqativ halların qarşısının alınmasının vacibliyini vurğulayıb.

“Radikal cərayanı da zərərli vərdişlərə aid etmək olar. Belə cərəyanların yayılmasının əsas səbəblərindən birincisi mənəviyyatsızlıq, ikincisi isə təhsilsizlikdir. Burada ailə amili də əsas rol oynayır, düzgün tərbiyənin verilməsi vacib şərtlərdəndir”, - deyə GEMİ rəhbəri əlavə edib.

Təşkilat rəhbəri öz həmkarlarını gənclərlə daha sıx işləməyə çağırıb: "Bu gün maliyyə mənbəyindən qabaq, təşkilatları nə üçün yaratdığımız və cəmiyyətdə nə rol oynayacağımız barədə düşünməliyik. Gənclərimizi soyuqqanlı, təmkinli olmağa çağırıram. Radikallıq cəmiyyətimizə fayda verməyəcək".

Şərhlər