Türkiyədə Qarabağla bağlı konfrans keçirildi

27.11.2015 17:45     Siyasi reaksiya     1840

Millət vəkili Qənirə Paşayeva Türkiyənin Kahramanmaraş şəhərində Dağlıq Qarabağla bağlı konfrans keçirib.

Reaksiya.az xəbər verir ki, ziyalıların, yerli sakinlərin, KİV təmsilçilərinin iştirak etdiyi konfransda millət vəkili geniş məruzə ilə çıxış edib və sualları cavablandırıb.

O, Qarabağ dünyada yaşayan bütün azərbaycanlıların, türklərin vətənidir və tədbir iştirakçılarının əksəriyyətinin Qarabağda olmamasına baxmayaraq, Qarabağın hər birimiz üçün doğma olduğunu qeyd edib: “Biz inanırıq ki, Ermənistanın işğal etdiyi gözəl Dağlıq Qarabağımız da, işğal altındakı digər o gözəl bölgələrimizin də işğaldan azad olduğu gün çox tezliklə gələcək və biz oranı ziyarət edəcəyik“.

Q.Paşayeva qeyd edib ki, Qarabağın qədim tarixi var. Qarabağ əsrlər boyu Azərbaycan və türk tarix və mədəniyyətinin beşiklərindən biri olub. Mədəniyyətimizə əvəzsiz töhfələr verən dahi şəxsiyyətlər orada yetişib.

“Hər bir Türk insanı Qarabağı hər gün yad etməli və gələcək nəsillərə çatdırmalıdır. Hər birimiz Qarabağı sevməliyik, xatırlamalıyıq ki,o işğal altındadır. Çox təəssüf ki, işğalçılar tariximizi silmək üçün orada yerləşən mədəniyyət və tarixi abidələrimizi məhv edirlər və dünya buna göz yumur”, - deyə millət vəkili əlavə edib.

O, Dağlıq Qarabağ və ətraf bölgələrimizin 20 ildən artıqdır ki, Ermənistanın işğalı altında qalmasını sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq məsələsi olduğunu vurğulayıb: “Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törədtdiyi vandalizm aktlarına, soyqırımlara bütün dünyanın gözü bağlıdır. Amma bu belə davam etməyəcək. Beynəlxalq təşkilatlardan işğal altında olan torpaqlarımızı bizə vermələrini gözləməməliyik. AŞ, BMT kimi beynəlxalq təşkilatları Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə əlaqədar qərarlar qəbul edib. Lakin bu qərarların heç biri tətbiq edilmir. Heç kim Ermənistana qarşı siyasi təzyiq göstərmir. O səbəbdən bunu özümüz etməliyik”.

Q.Paşayeva çıxışında Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki, 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə də ətraflı məlumat verib.

"Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. Xocalı Soyqırımı, Dağlıq Qarabağ problemi, Şuşa acısı tək Azərbaycanın deyil, bütün Türk dünyasının problemidir”, - deyə millət vəkili qeyd edib.

Bu işdə böyüyən gəncliyin də üzərinə böyük vəzifə düşdüyünü vurğulayan Q.Paşayeva gəncliyi türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir” - ruhunda böyütmək olduğuna diqqəti cəlb edərək deyib: “Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər”.

Millət vəkili Azərbaycanın qondarma erməni soyqırımı idddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib.

O, Türk gəncliyini Qarabağ həqiqətləri və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyin vacibliyini qeyd edib: "Azərbaycanın güclənməsi Türkiyənin, Türkiyənin güclənməsi Azərbaycanın güclənməsidir. Hər iki dövlətin liderləri tərəfindən qoyulan irs məhz bundan ibarətdir".

Tədbirin sonunda “İnşallah gələn tədbiri birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə qeyd edək”, - deyə millət vəkili bildirib.

Şərhlər

Çox oxunanlar