İlham Əliyev Naxçıvanda bir neçə açılış mərasimində iştirak edib
02.12.2015 00:35 Sosreaksiya 1803
Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublika Xəstəxanasının açılışında iştirak edib.
Reaksiya.az-ın məlumatına görə, dövlət başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, 8 mərtəbəli binada tibbin ən son yenilikləri tətbiq olunur. Əsaslı təmir və yenidənqurma işlərindən sonra 300 çarpayılıq olan xəstəxanada 14 stasionar şöbə fəaliyyət göstərir. Buraya travmatologiya, təcili və təxirəsalınmaz tibbi yardım, ümumi terapiya, nevrologiya, hematologiya, göz xəstəlikləri, burun-qulaq-boğaz, endokrin xəstəliklər, proktologiya, urologiya, cərrahiyyə, neyrocərrahiyyə, reanimasiya və reabilitasiya şöbələri daxildir.
Xəstəxanada pulmonologiya, qastroenterologiya, hemodializ kimi 3 stasionar bölmə, həmçinin qəbul, radiologiya, laboratoriya, Konsultativ Diaqnostik Poliklinika, Mərkəzi Qan Bankı, Dərman Vasitələrinin Mərkəzləşmiş Analitik Ekspertiza Laboratoriyası şöbələri fəaliyyət göstərir. Fizioterapiya, hidroterapiya, Naftalan nefti ilə müalicə, əməliyyat bölmələri və çoxsaylı yardımçı kabinələr də xəstələrin ixtiyarında olacaq. 130 həkimin, 467 orta və kiçik tibb işçisinin çalışdığı xəstəxanada elmi-tibbi kitabxana da fəaliyyət göstərir. Burada tələbələr üçün 2 böyük auditoriya və 7 sinif otağı, kompyuter zalı, 200 nəfərlik iclas zalı, tibb idman mərkəzi və müayinə otaqları yaradılıb. Xəstəxananın köməkçi binasında da yüksək şərait var. Burada MRT və digər zəruri tibbi müayinələr aparmaq mümkün olacaq.
Ərazidə geniş yaşıllaşdırma işləri görülüb.
Prezident İlham Əliyev xəstəxananın kollektivi ilə görüşüb.
***
Reaksiya.az-ın məlumatına görə, layihənin baş planı ilə tanış olan dövlət başçısının diqqətinə çatdırılıb ki, Naxçıvanda şəhərdaxili su və kanalizasiya şəbəkəsinin tikintisi Azərbaycanla Asiya İnkişaf Bankı arasında kredit sazişinə əsasən həyata keçirilib.
Görülmüş işlər çərçivəsində 224.790 metr uzunluğunda şəhərdaxili su şəbəkəsi tikilib, 21.207 ev birləşməsində sayğaclaşma işləri görülüb. Şəbəkə üzərində 905 yanğın hidrantı quraşdırılıb. Bununla da Naxçıvan şəhər əhalisinin içməli suya tələbatı 100 faiz təmin olunub.
Qeyd edilib ki, layihənin mühüm tərkib hissəsi olan şəhərin kanalizasiya şəbəkəsinin yenidən qurulması işləri də uğurla icra olunub. Layihə çərçivəsində 219.040 metr uzunluğunda kanalizasiya xətləri çəkilib. Bu da 20.795 ev birləşməsini əhatə edib.
Sonra prezident İlham Əliyevə layihənin icrasında istifadə olunan tikinti materialları, xüsusilə də borular haqqında məlumat verilib. Bildirilib ki, həm su, həm də kanalizasiya şəbəkəsinin qurulması zamanı bütün köhnə xətlər yeniləri ilə əvəz olunub və yüksək keyfiyyətli borulardan istifadə edilib.
Azərbaycan prezidenti İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov şəhərdaxili su şəbəkəsinin istifadəyə verilməsini bildirən düyməni basıblar.
***
Reaksiya.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlət başçısına məlumat verib ki, muxtar respublikada da alternativ və bərpa olunan enerji mənbələri ilə bağlı mühüm layihələr həyata keçirilir.
Belə layihələrdən biri də Babək rayonunun Xal-xal kəndi yaxınlığında tikintisinə cari ildə başlanılan yeni Günəş Elektrik Stansiyasıdır. Bu energetika qurğusu üçün 35 hektar torpaq sahəsi ayrılıb.
Qeyd edilib ki, 20 meqavat gücə malik stansiyada işlər Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi ilə Belçika Krallığının “Soltech” şirkəti arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Stansiyada 78 min 684 ədəd ən müasir “şüşə-şüşə” tipli günəş panelləri, onlar üçün dayaqlar və 11 elektrik yarımstansiyası quraşdırılıb. Naxçıvan Günəş Elektrik Stansiyasında il ərzində 30 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal olunacaq.
Azərbaycan prezidenti Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin əməkdaşları və Belçikanın “Soltech” şirkətinin nümayəndəsi ilə görüşüb.
Dövlət başçısı muxtar respublikanın energetika kompleksinin daha da inkişafı, eləcə də, bərpa olunan və alternativ enerji mənbələrindən geniş istifadə ilə əlaqədar tapşırıqlarını verib.
İ. Əliyev stansiyanın açılışını bildirən düyməni basıb.
Prezident İlham Əliyev həmçinin Naxçıvan Sənaye Kompleksinin açılışında iştirak edib. Dövlət başçısına əvvəlcə Sənaye Kompleksinin laboratoriyasında yaradılan şərait barədə məlumat verilib ki, kompleksin ümumi sahəsi 9 hektardır və özündə 4 zavodu birləşdirir.
Sonra prezident İlham Əliyev məsaməli beton istehsal edən zavodda yaradılan şəraitlə tanış olub. Bildirilib ki, müəssisədə xammal kimi daş qumundan, əhəng, gips, sement və alüminium tozundan istifadə olunacaq.
Sonda dövlət başçısı müəssisəni işə salıb.
Şərhlər