"Günəşli" yatağındakı yanğın davam edir - YENİLƏNİB-2

05.12.2015 09:59     Sosreaksiya     4797

“Günəşli” yatağındakı 10-cu özüldə baş verən yanğın hal-hazırda davam edir.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar yaradılan qərargahdan verilən məlumata görə, hal-hazırda SOCAR rəhbərliyi hadisə yerinə gedir.

Məlumata əsasən, özüldə olan işçilər yanğın yerindən təxliyə olunub, və onların vəziyyəti yaxşıdı. Onlar hələ də dənizdə xilasetmə qayıqlarda və gəmidə qalıblar.

 

23:00

“Günəşli” yatağındakı yanğın baş verən 10-cu dərin dəniz özülündə işçilərin təxliyyəsi başa çatıb.

SOCAR-dan verilən məlumata görə, artıq platformdakı bütün işçilər yanğın baş verən ərazidən çıxarılıb.

“İşçilər arasında ölən və xəsarət alan yoxdur”-deyə bildirilib.

Qeyd edək ki, yanğın baş verən zaman platformada 42 nəfər olub.

Hazırda platformada yanğının söndürülməsi istiqamətində işlər davam edir.

 

20:50

“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verən zaman platformada 63 nəfər olub.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bütün əməkdaşlar sağ-salamatdır: "Bütün əməkdaşlarımızın təxliyə olunması istiqamətində müvafiq tədbirlər görülür. Onların hamısı təhlükəsiz ərazidədir.  Xilasedici gəmilər hadisə yerinə yaxınlaşıb. Güclü külək nəticəsində yaranan dalğalar xilasetmə əməliyyatını çətinləşdirir. Belə ki, dalğanın hündürlüyü 8-10 metrə çatır. Hadisə nəticəsində xəsarət alan və ölən yoxdur".

Hadisə ilə bağlı SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanovun sədrliyi ilə komissiya yaradılıb.

Həmçinin “Azneft” İstehsalat Birliyində operativ qərargah yaradılıb. Qərargah platformada qalanların yaxınlarına mütəmadi olaraq məlumat verir.

 

20:29

Bir neçə saat öncə “Günəşli” neft yatağında qaz sızması nəticəsində güclü yanğın başlayıb. Yanğın yatağın 10-cu platformasında başlayıb.

Reaksiya.az xəbər verir ki, SOCAR-dakı mənbələrdən virtualaz.org-a verilən məlumata görə, “Günəşli” yatağının yanan platformasındakı neftçiləri xilas etmək üçün ora yanğından mühafizə gəmisi göndərilib.

Yanğın çox güclü olduğu üçün platforma ilə əlaqə tam kəsilib. Platformada çalışan neftçilərin taleyindən heç bir xəbər yoxdur.

Yanğınla əlaqədar SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanovun sədrliyi ilə komissiya yaradılıb.

Platformada 84 neftçi var. Güclü külək xilasetmə işlərini çətinləşdirir.

Şərhlər