"Bəzi xəbər portalları yanlışlara yol verdilər" - Əflatun Amaşov

05.12.2015 15:22     Sosreaksiya     1904

“Əvvəlki proseslərə baxdıqda, Nardaran hadisələri ilə bağlı Azərbaycan mediası üzərinə düşən missiyanı yerinə yetirdi. Nardaran hadisələri ilə bağlı olan məqamları media kifayət qədər dövlətçilik nöqteyi-nəzərindən ölkə və dünya ictimaiyyətinə çatdırdı. Ancaq çox təəssüf ki, az sayda xəbər portalları bu sahədə müəyyən yanlışlara yol verdilər. Yoxlanmamış və hadisələri qızışdırmağa xidmət edən məlumatları ictimaiyyətə çatdırdılar”.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki,  bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O bildirib ki, Nardaranda baş verən dini ekstremizmlə bağlı hadisələr kifayət qədər ciddi məsələdir və jurnalistlər cəmiyyətə düzgün informasiya verməlidirlər: “Bir qrup insan din pərdəsi altında terror hadisəsi həyata keçirmək, indiki konstitusion quruluşu devirmək və istədikləri quruluşu yaratmaq niyyətində olub. Bütün ölkələrdə belə hallar birmənalı qaydada pislənilir və günahkarlar cəzalandırılır. Ona görə də belə hallarda media əsasən vətəndaş mövqeyindən çıxış etməlidir. Ancaq çox təəssüf ki, bu hadisələrdə dini ekstremizmə dəstək verən insanlar əsasən sosial şəbəkələrdə daha aktiv iştirak edib və cəmiyyəti çaşdıran fikirlər paylaşırlar”.

Ə. Amaşov qeyd edib ki, hazırda ictimai fikrə daha çox təsir göstərən xəbər portalları deyil, sosial şəbəkələrdir: “Biz bunu Nardaran hadisələrində də gördük. Buna görə də sosial şəbəkələrdə ictimai fikrə  düzgün informasiyalar verilməlidir”.

 

Şərhlər