"Günəşli" yanğınını söndürən FHN komandiri vəfat etdi

08.12.2015 14:30     Sosreaksiya     2046

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri vəfat edib.

Reaksiya.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub: ""Təəssüflə qeyd edək ki, baş vermiş qəza ərazisinə ilk yaxınlaşan “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri, son günlərin ağır və gərgin iş rejimi ilə ekstremal şəraitdə yanğınsöndürmə əməliyyatında qəhrəmancasına iştirak edən daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç dekabrın 7-də xidmətdə olduğu zaman səhhətinin qəfil pisləşməsi səbəbindən Bakı şəhəri Sabunçu rayonundakı 3 saylı Şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, Vyaçeslav Kryuçkov dekabrın 8-də həmin xəstəxanada ürək çatışmazlığından vəfat edib".

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç 22 mart 1970-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dənizçilik Məktəbini bitirib. 17 sentyabr 1991-ci ildən yanğından mühafizə orqanlarında xidmət etmiş, 10 noyabr 2008-ci ildən isə “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri vəzifəsində çalışmışdır. Xidmətdə olduğu müddətdə özünü yüksək məsuliyyətli, peşəkar və fədakar əməkdaş kimi tanıtmışdır. İki övladı var.

Allah rəhmət eləsin!

Şərhlər