Qazaxıstanın milli bayramı şərəfinə - RƏSMİ QƏBUL - FOTOLAR

10.12.2015 11:21     Sosreaksiya     1854

Dekabrın 9-da Qazaxıstanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Müstəqillik gününün 24-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

Reaksiya.az xəbər verir ki, əvvəlcə tədbirdə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Səfir Beybit İsabayev ötən müddətdə ölkəsinin keçdiyi inkişaf yolundan danışaraq bildirib ki, hazırda Qazaxıstan dünya birliyində layiqli yer tutur.

Diplomat vurğulayıb ki, əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulmuş dostluq və qardaşlıq münasibətlərini Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan və Qazaxıstanı çoxəsrlik mehriban dostluq, qonşuluq və qarşılıqlı dəstək ənənələri birləşdirir. Əminəm ki, qarşılıqlı səylərimiz bundan sonra da bu nəcib ənənələrin inkişaf etdirilməsinə, xalqlarımızın və ölkələrimizin tərəqqisi, regionda sülh, təhlükəsizlik və sabitlik naminə dövlətlərarası münasibətlərin daha da inkişaf etdirilməsinə yönəldiləcəkdir.

Energetika nazirinin müavini Natiq Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini, Qazaxıstan xalqına əmin-amanlıq və firavanlıq arzularını çatdırıb.

Nazir müavini bildirib ki, ölkələrimiz arasında həmişə səmimi münasibətlər olub və bu əlaqələr müstəqillik bərpa olunandan sonra intensiv inkişaf etməyə başlayıb. İki ölkə arasında həyata keçirilən yüksək səviyyəli səfərlər və imzalanmış çoxsaylı sənədlər ikitərəfli əlaqələrimizin daha sürətlə inkişafına töhfəsini verib.

Nazir müavini Azərbaycan-Qazaxıstan əlaqələrinin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Tədbirdə Qazaxıstanın milli musiqisindən ibarət konsert proqramı təqdim olunub.

Qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Şərhlər