Bakı Metropoliteni “Qəbələ” azarkeşlərinə - Xəbərdarlıq etdi

10.12.2015 17:53     Sosreaksiya     1867

Bakı Metropoliteni QSC Avropa Liqasının qrup mərhələsinin son turunda Bakıda "Qəbələ" və Rusiya "Krasnodar"ı arasında keçiriləcək oyunu stadiondan izləyəcək azarkeşlərə xəbərdarlıq edib.

Reaksiya.az "Report"a istinadən xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev  bildirib ki, metro stansiyalarının qapıları gecə saat 00:30-a qədər açıq olacaq. 

Onun sözlərinə görə, "Qəbələ" klubunun müraciəti müsbət dəyərləndirilsə də, azarkeş sayı az olacağı təqdirdə, iş vaxtı göstərilən müddətdə başa çatacaq: "Stadionda olan hüquq-mühafizə əməkdaşları ilə də əlaqədə olacağıq. Say az olarsa, artıq işləməyə ehtiyac yoxdur. Ancaq kütlə çox olacağı təqdirdə 23 stansiyanın hamısı saat 01:30-dək də işləyə bilər. Keçən dəfə də klub müraciət etmişdi və müsbət cavablandırmışdıq. Saat 01:00-dək işləyəcəyimizi demişdik. Amma saat 00:30-dək 50-yə yaxın adam gəldi və biz də qapıları bağladıq. Keçən oyunda bir neçə jurnalist 1-ə qalmış gəlib və onları içəri buraxmayıblar. Bu da iş vaxtının bitməsi ilə əlaqədardır. "Qarabağ"ın oyununda da işləyirik. Orada söhbət 15-20 mindən gedir. Ancaq 40-50 nəfərə görə, metronu 1 saat əlavə işlətmək lüzumsuzdur. Həmişə avrokuboklarda çıxış edən klublara dəstək olmuşuq. Nə vaxt müraciət ediblərsə, müsbət cavablandırmışıq".

Klubun baş meneceri Zaur Əzizov isə açıqlamasında məsələyə bu cür münasibət bildirib: "Bakı Metropoliteninə müracət etmişik. İdarədən sədr müavini zəng vurub dedi ki, istəyiniz təmin olunub. Azarkeşlər sözsüz ki, 00:30-dək çıxıb gedəcəklər. Üstəlik, "Qarabağ"ın da oyunu var və həmin matçı izləmək üçün heç kim gecikməyəcək. Ancaq nəzərə almaq lazımdır ki, stadionda oyunu işıqlandıran 60-70 nəfər jurnalist olacaq".

Şərhlər