"Mən Gələcəyin Diplomatıyam" adlı tədbir keçirildi - FOTOLAR
15.12.2015 14:33 Sosreaksiya 1985
Dekabrın 11-də Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra edilən “Mən Gələcəyin Diplomatıyam” layihəsinin açılış tədbiri və ilk seminarı keçirilib.
Reaksiya.az xəbər verir ki, tədbir Azərbaycan Dillər Universitetində təşkil olunub.
Tədbirdə layihə rəhbəri, YAP Gənclər Birliyi Ofisinin əməkdaşı Əli Qənbərli, ADU TGT-nin sədri Faiq Məmmədov, Universitetin regionşunaslıq və Beynəlxalq münasibətlər fakultəsində təhsil alan tələbələr iştirak edib.
Tədbiri giriş sözü ilə açan Əli Qənbərli iştirakçıları salamlayaraq, gələcəyin diplomatlarını layihədə fəal iştirak etməyə çağırıb. Sözügedən layihənin gənc diplomatlar üçün bir təcrübə mənbəyi, öyrəndiklərini tətbiqetmə məkanı olacağını qeyd edən layihə rəhbəri iştirakçılara beynəlxalq münasibətlər, burada aktual olan nəzəriyyələr, siyasi gedişlərin mahiyyəti haqqında ətraflı məlumat verib. Hazırki, beynəlxalq münasibətlər sisteminin olduqca mürəkkəb dövr keçdiyini qeyd edən Əli Qənbərli hər bir gənci xüsusən də gənc diplomatları dünyadakı hadisələrin gedişini izləməyə və buna adekvat olaraq dövlət siyasətinə dəstək verməyə çağırıb. Xaricdə yaşayan, təhsil alan azərbaycanlıların dövlətimizin təbliğatçısı olmaq üçün mühüm imkanlara malik olduqlarını və bu imkandan maksimum dərəcədə istifadə etmələrinin vacib olduğunu bildirib.
Sonra çıxış edən Faiq Məmmədov Azərbaycan dövlətinin gənclər üçün yaratmış olduğu imkanlardan, gənclər siyasətindən bəhs edərək vurğulayıb ki, ölkə gənclərinin hərtərəfli inkişafı üçün lazımi şərait yaradılıb və hər bir gənc bundan istifadə etməyə çalışmalıdır. O, qeyd edib ki, son illər ərzində ölkə gəncləri bütün sahələrdə öz fəallıqları ilə seçilirlər. Daha sonra ADU Diplomatiya klubunun üzvləri çıxış edərək, layihənin hazırkı dövr üçün vacib olduğunu bildiriblər.
Tədbir qarşılıqlı fikir mübadiləsi formasında davam etdirilib.
Şərhlər