BSU-da "Xəlifə günü" keçirildi - FOTOLAR
15.12.2015 17:13 Sosreaksiya 2389
Bakı Slavyan Universiteti (BSU) yarandığı gündən bir çox maraqlı layihələr həyata keçirir.
Reaksiya.az xəbər verir ki, bunlardan biri də "Bir günlük Xəlifə" özünüidarəetmə günüdür.
Bu layihə Azərbaycanın ali təhsil ocaqları arasında yeganə olaraq BSU-da 2002-ci ildən etibarən hər ilin 13 dekabr tarixində həyata keçirilir və tələbələrdə özünüidarəetmə, işgüzarlıq kimi xüsusiyyətlərin inkişafında, onların peşə məsuliyyətini dərk etməsində önəmli rol oynayır.
Məhz həmin gün universitetin rektor, prorektor, dekan və s. rəhbər vəzifələrdə tələbələr tərəfindən səsvermə yolu ilə seçilmiş xəlifələr fəaliyyət göstərir. Həmin xəlifələr universitetdə bir gün ərzində tədris prosesi, inzibati və s. işlərlə bağlı qərarlar qəbul edə, həmçinin yeniliklər həyata keçirə bilərlər. Xəlifələrin qəbul etdiyi qərarlar tam olaraq hüquqi qüvvəyə malik olur. Onu da qeyd edək ki, xəlifələr 13 dekabrdan sonra "Kölgə kabineti" tərkibində bir il müddətində seçildikləri rəhbər vəzifələrini davam etdirirlər.
Ötən illərdən fərqli olaraq bu il "Xəlifə günü" dekabrın 14-nə təsadüf edib. Öncəliklə "xəlifə"lərin iş günü BSU-nun foyesində yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoymaqla başlayıb. Universitetdə beynəlxalq sərgi keçirilib. Sərgidə BSU-da fəaliyyət göstərən müxtəlif tədris mərkəzlərinin təmsil etdiyi ölkələrin kulinariyası, milli geyimləri və yeməkləri nümayiş edilib. Sərgiyə gələn qonaqlar təqdim olunan yeməklərdən dadıblar.
“Xəlifə günü” çərçivəsində Bakının bir sıra orta məktəblərində təhsil alan şagirdlərlə görüş keçirilib. Görüşdə BSU-nun xəlifə rektoru Rəhim Qədirov universitetin tarixi və buradakı tədris prosesi barədə məlmat verib, “Xəlifə günü”nün mahiyyətindən danışıb. Universitetin Türkiyə Araşdırmalar Mərkəzində Türkiyə Respublikası səfirliyinin müşaviri Abdülqafur Büyükfırat tələbələrlə görüşüb, mərkəzin işi ilə yaxından tanış olub. Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka ali təhsil ocağının qonağı olub və tələbələrlə Çexiyanın iqtisadi, mədəni əlaqələri haqqında maraqlı söhbət aparıb. Görüşün sonunda səfirə xatirə hədiyyəsi təqdim edilib. Qeyd edək ki, görüş “Səfir Saatı” çərçivəsində baş tutub.
“Xəlifə günü”ndə Jurnalistika və Azərbaycan filologiyasında təhsil alan tələbələr üçün tanınmış jurnalist, ATV-nin vitse-prezidneti Etibar Babayevin ustad dərsi olub. "Dil problemi və verilişlərdə qaydaların pozulması" mövzusunda söhbət aparan E.Babayev tələbələrin çoxsaylı suallarını cavablandırıb.
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovla tələbələr arasında görüş keçirilib. Görüş Filologiya fakültəsinin təşkilatçılığı ilə baş tutub. Sonda Əflatun Amaşov tələbələrin suallarını cavablandırıb və qonağa xatirə hədiyyəsi verilib.
“Xəlifə günü” professor Məmməd Tağıyev adına auditoriyada keçirilən xəttatlıq yarışması yadda qalan olub. Qalib gələn iştirakçılara hədiyyələr təqdim edilib. Sonra həmin auditoriyada filologiya elmləri doktoru, professor Sayalı Sadıqovanın açıq dərsi baş tutub.
Universitetin Azərbaycanşünaslıq Mərkəzi tərəfindən “Dağlıq Qarabağ” mövzusunda dəyirmi masa təşkil olunub. Eyni zamanda “esse” yarışması keçirilib. Yarışma pedaqoji fakültənin təşkilatçılığı ilə baş tutub. Sonda qaliblər hədiyyələrlə mükafatlandırılıb.
Kitabxana Mərkəzinin təşkilatçılığı ilə yazıçı Elxan Elatlı oxucuları ilə görüşüb. Görüşdə tələbələrin sualları cavablandırılıb.
Sonra Magisturatura şöbəsinin təşkilatçılığı ilə həmin mərkəzdə professor Aslan Məmmədli qonaq olub.
Prezident Administrasiyasının məsul işçisi Seyfəl Həsənovun tərcümə fakültəsinin tələbələrinə “Peşəkar tərcüməçiliyin sirləri” mövzusunda ustad dərsi keçirilib.
“Xəlifə günü” çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı diektoru Oktay Səmədov və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru Azad Məmmədov xəlifə rektor Rəhim Qədirov və tələbələrlə görüşüblər. Görüşdə ölkəmizdə hökm sürən multikultural dəyərlər, tolerant mühit, habelə Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin həyata keçirtdiyi layihələrdən söz açılıb. Bildirilib ki, Azərbaycan, habelə dünyanın bir sıra xarici universitetlərində multikulturalizm fənni tədris edilir. BSU nəzdində Məktəb-Lisey Kompleksində Şagird Parlamenti üzvləri direktor və direktor müavinləri vəzifələrini icra edib, bir sıra maraqlı tədbirlər keçirilib.
Tələbələrin "xəlifəlik" etdikləri bir gün ərzində BSU-da həmişəki iş rejimi gözlənilib və rəhbər vəzifələri icra edən 32 tələbə gün ərzində vəzifələrini məharətlə yerinə yetirməyə çalışıblar. Ali təhsil müəssisəsində keçirilən layihələrdən ən maraqlı və vaciblərindən biri olan "Bir günlük Xəlifə" layihəsi BSU-da gənclərə yüksək etimad göstərilməsindən xəbər verir.
Əbəs yerə deyilmir ki, DOCEN DO DİSCİMUS- Öyrədərək öyrənirik.
Şərhlər