Gənclər üçün “Akademeon bağı” layihəsi keçirildi

15.12.2015 17:47     Sosreaksiya     1915

“Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi 15 sentyabr – 15 dekabr 2015-ci il tarixlərdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə “Akademeon bağı” adlı layihə icra edib.

Reaksiya.az xəbər verir ki, layihə çərçivəsində müxtəlif  mövzularda 8 tədbir həyata keçirilib.

Belə ki, 27 oktyabr tarixində “Erkən gənclik dövrünün psixoloji xüsusiyyətləri. Erkən nigahın mahiyyəti” mövzusunda ilk tədbir baş tutub. Tədbirin spikeri -  Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının baş müəllimi, rayonun baş psixoloqu Kəmalə Cəfərova olub.

İkinci tədbir 30 oktyabr tarixdə “Kredit sistemi. Ümumi məlumat” mövzusunda keçirilib. Tədbirin spikeri - BOKT “Viator Mikrokredit Azərbaycan” MMC-nin Qazax filialının baş kredit mütəxəsisi Fail Abdalov olub.

Növbəti tədbir  06 noyabr tarixdə  “Qazax rayonunun müxtəsər tarixi. “Qazax” toponimi haqqında” mövzusunda təşkil olunub. Tədbirin spikeri - Qazax şəhər 1 saylı orta məktəbin tarix müəllimi, “Əməkdar müəllim” Mustafa Mirzəyev olub.

Dördüncü tədbir 13 noyabr tarixdə  “Siyasi ideologiyalar: “Sağ” və “Sol” qavramları” mövzusunda keçirilib. Tədbirin spikeri - Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının müəllimi Samir İsayev olub.

20 noyabr tarixdə növbəti tədbir baş tutub ki, bu dəfəki mövzu “İnsan alveri. Formaları və mübarizə yolları” olub. Tədbirə spikerliyi - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin əməkdaşı, sosioloq Gülnar Nəzərova edib.

Keçirilən tədbirlərdən altıncısı 27 noyabr tarixdə baş tutub. Mövzu “Vətəndaşların müraciət hüququ. Müraciətin formaları” olub. Tədbirin spikerliyi - hüquqşünas, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şahin Hacıyev edib. 

04 dekabr tarixdə “QHT nədir?”, “Vətəndaş cəmiyyəti nədir?” mövzusunda yeddinci tədbir keçirilib. Tədbirin spikeri – Qazax rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi İsmayıl Süleymanov olub.

Nəhayət, layihə çərçivəsində keçirilən sonuncu tədbir 11 dekabr  tarixdə “Zərərli dini təriqətlər, cərəyanlar və gənclər arasında maarifləndirmənin rolu” mövzusunda baş tutub. Tədbirin spikeri Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Eldəniz Vəliyev olub. Həmçinin qonaq qismində şöbənin baş məsləhətçisi Pərvin Zeynalov da iştirak edib.

Qeyd edək ki, keçirilən tədbirlərin hər birində Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı və Qazax Dövlət Sosial-İqtisadi Kollecindən ümumilikdə 30 nəfər tələbə qatılıb.

Şərhlər