"Günəşli" yatağındakı yanğın bir quyuda tam söndürülüb
16.12.2015 02:19 Sosreaksiya 1552
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Günəşli" yatağındakı 10 saylı dərin özüllündəki baş verən yanğın bir quyuda tam söndürülüb. Bu barədə SOCAR məlumat yayıb. Məlumata görə, quyunun təhlükəsizliyi üçün lazım gələn bütün önləyici tədbirlər görülüb.
Qeyd olunub ki, söndürülən quyu neft quyusudur. Quyudan dənizə neftin dağılması təhlükəsinin qarşısı tamamilə alınıb.
Qeyd edək ki, yanğın üç quyuda baş vermişdi, onlardan biri neft quyusu, digərləri qaz quyusudur. Hazırda yanğınsöndürmə tədbirləri davam etdirilir.
Xatırladaq ki, dekabrın 4-də saat 17.40 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın baş verib.
Hadisə baş verən zaman özüldə 63 nəfər olub.
Yanğın nəticəsində 1 nəfər həlak olub, 29 nəfər itkin düşüb. İtkin düşənlərdən 6-nın meyiti tapılaraq sudan çıxarılıb, 23 nəfərin axtarışı davam edir.
Qeyd edək ki, qəzanın nəticələrinin aradan qaldırılması üçün FHN-nin “Vixr-5” və “Vixr-8” tipli 2 gəmisi yanğının söndürülməsi, 2 helikopteri və “B-200ÇS” təyyarəsi itkin düşənlərin axtarışını aparır.
Həmçinin, nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri sahilboyu müşahidə işləri aparır.
Şərhlər