Tanınmış vəkil vəfat etdi

16.12.2015 09:21     Sosreaksiya     1901

Azərbaycanın tanınmış vəkili, Vəkillər Kollegiyasının üzvü Elton Quliyev dünyasını dəyişib.

Reaksiya.az "Report"a istinadən xəbər verir ki, bu barədə vəkil Adil İsmayılov məlumat verib.

A.İsmayılov bildirib ki, mərhum uzun müddətdir xərcəng xəstəliyindən əziyyət çəkirmiş. Almaniya, Türkiyə və Azərbaycanda uzun müddət müalicə olunmağına baxmayaraq, ağır xəstəlikdən xilas ola bilməyib. 

Mərhumun cənazəsi hazırda Bakının Təzə Pir məscidindədir. Cənazə bu gün saat 2-də məsciddən qaldırılacaq və Yasamal qəbristanlığında dəfn olunacaq. 

Qeyd edək ki, E.Quliyev 1956-cı ildə anadan olub. 

1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) hüquq fakültəsində təhsil alıb. 1977-1991-ci illərdə Bakı şəhər Daxili işlər idarəsində və Azərbaycan SSR Daxili İşlər Nazirliyində müstəntiq, baş müstəntiq, İstintaq bölməsinin rəisi, İstintaq idarəsinin rəis müavini vəzifələrində çalışıb. 1991-ci ildə öz istəyilə daxili işlər orqanlarından çıxıb.

1996-cı ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü idi.

Şərhlər