Bakı Bulvarında atraksionlar pulsuz olacaq

17.12.2015 15:00     Sosreaksiya     1966

Yeni il bayramı ilə əlaqədar Bakı Bulvarında pulsuz atraksion aksiyası təşkil olunacaq.

Reaksiya.az ANS PRESS-ə istinadən Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib. Onun sözlərinə görə, hər il olduğu kimi, bu il də bayramla əlaqədar artıq hazırlıq işlərinə başlanılıb:

"Artıq Bulvarın bir çox yerlərində şam ağacları bəzədilir, hər ağacın yanında Yeni ilin atributları olan Şaxta baba və Qar qızın olması nəzərdə tutulur. Bulvarda iki ən böyük şam ağacı quraşdırılıb. Bunlardan biri Hökumət Evinin qarşısındadır, hündürlüyü 40 m, digəri isə Azneft dairəsindədir ki, onun da hündürlüyü 20 m-dir", - deyə qurum rəsmisi bildirdi.

Nazim Məcidov onu da əlavə etdi ki, ağaclar əsasən insanların daha çox toplaşdığı yerlərdə - Kukla teatrının yanında, Azneft meydanında, Sahil metrosundan bulvara gələn hissədə, Hökumət evinin yaxınlığında və s. olacaq. 

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov Şaxta Baba və Qar qız, cizgi filmi qəhrəmanı kimi fəaliyyət göstərmək istəyənlərə icazənin dekabrın 20-dən sonra verilməyə başlanacağını deyib. 

Xidmət rəhbəri əlavə edib ki, ötən illərə nisbətən bu il Şaxta Baba, Qar Qız, eləcə də, digər cizgi filmi qəhrəmanı olmaq istəyənlər daha azdır. 
 

Şərhlər