40 % müəllimin maaşı artırılacaq

19.12.2015 13:09     Sosreaksiya     1798

Təxminən bir həftədən sonra müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsi baş tutacaq. Buna müvafiq onların əmək haqqları da artırılacaq.

Reaksiya.az xəbər verir ki, bunu ANS PRESS-ə açıqlamasında Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov deyib.

"Ölkə üzrə ümumilikdə 60 min müəllim bu imtahanlara cəlb olunub. Ötən ay 30 min müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi həyata keçirilib. Təxminən bir o qədər müəllim də dekabrın 24-26-da Gəncə şəhərində baş tutacaq diaqnostik qiymətləndirmədən keçəcək. Bu isə o deməkdir ki qiymətləndirmədən keçən təxminən 40 % müəllim 2016-cı ilin yanvar ayının 1-dən yeni qaydalarla əməkhaqqı alacaq"

3 istiqamət üzrə aparılacaq imtahanda 80 sual olacaq, bunun 40-ı peşə ixtisası ilə bağlıdır. 20 sualla metodik biliklər yoxlanacaq. Nazirlikdən o da bildirildi ki qiymətləndirmə zamanı sosial ədalət prinsipi gözləniləcək. Hər bir müəllim öz biliyinə bacarığına uyğun qiymətləndiriləcək. Məqsəd onların pedaqoji qabiliyyətini, öz peşələrindəki ustalığını bir daha artırmaq, ən əsası maddi rifahlarını yüksəltməkdir. 

Qiymətləndirmə tədbirləri noyabr və dekabr aylarından başlayaraq 3 böyük şəhərdə və 9 rayonda keçirilib. Diaqnostik qiymətləndirmədən keçə bilməyən müəllimlərin taleyi isə yaxın vaxtlarda Təhsil Nazirliyində müzakirə olunacaq. 

Bu tədbirlərə ilk dəfə hələ ötən ilin iyun ayının 10-da start verilib. Qiymətləndirmədə paytaxtdakı ümumtəhsil məktəblərində çalışan 30 minədək müəllim iştirak edib. Onların əməkhaqqı Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2015-ci il tarixli sərəncamına əsasən artırılıb. Sərəncama əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb.

Şərhlər