Bu küçədə təmir işləri yekunlaşdı - FOTOLAR
21.12.2015 17:32 Sosreaksiya 1978
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Nizami rayonu Mikayıl Əliyev küçəsi kompleks təmir edilərək istifadəyə verilib.
Reaksiya.az xəbər verir ki, küçənin Rüstəm Rüstəmov küçəsi və Babək prospektləri arasında yerləşən hissəsində aparılan təmir-tikinti işləri artıq yekunlaşıb. Təmir işlərinin aparıldığı ərazinin uzunluğu 1 450 metr, küçənin ortalama eni isə 20 metrdir.
Sözügedən ərazidə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən 1 km-dən artıq yağış-kanalizasiya sistemi qurulub, küçə boyu yeni yağış barmaqlıqları qoyulub, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib. Zəruri olan yerlərdə 1,5 metr enində yeni piyada səkiləri yaradılıb. Yolun kənarına 3 min paqon-metrə yaxın səki daşları düzülüb.
Təmir-tikinti işləri zamanı köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənib. Ümumilikdə sözügedən ərazinin 2 qat olmaqla 30 min kvadrat metr sahəsinə yeni asfalt-beton örtüyü döşənib. Küçənin Babək prospektinə çıxan hissəsində, təqribən 150 metrlik bir ərazidə yolun 4-5 metr genişləndirilməsi işləri də aparılıb.
Mikayıl Əliyev küçəsinin sözügedən hissəsində aparılan kompleks tədbirlər çərçivəsində cəmiyyət tərəfindən yol boyu işıqlandırma sistemi yenilənib, nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.
Xatırladaq ki, bir müddət öncə Mikayıl Əliyev küçəsinin Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələri arasında yerləşən hissəsi də təmir edilərək yeni görkəmdə sürücülərin ixtiyarına verilib. Həmin hissənin isə uzunluğu 1 375 metr, eni 26,5 metrdir. 2 qat olmaqla küçənin 36 500 kvadrat metr sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb, yol boyu müasir işıqlandırma sistemi qurulub, hər iki istiqamət üzrə yeni işıq dirəkləri quraşdırılıb.
Sözügedən ərazidə də Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən yeni yağış-kanalızasiya sistemi qurulub, hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkiləri qurulub, 2700 paqon metr yeni səki daşları düzülüb.
Şərhlər