Jurnalistin ölümü ilə bağlı cinayət işi məhkəməyə göndərilib

23.12.2015 00:49     Sosreaksiya     1626

Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı başlanmış cinayət işinin materialları məhkəməyə göndərilib.

Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə, Bakı şəhər sakini Rasim Əliyevin avqustun 8-də Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Bakı şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Dekabrın 22-də Kənan Mədətov, Camal Məmmədov və Samir Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Elşən İsmayılov və Arif Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək  baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.

Cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb və məhkəməyə göndərilmək mərhələsindədir.

Şərhlər