Qohum evliliyinin qarşısı alınmalıdır... - SOS

27.05.2015 17:36     Sosreaksiya     573

“Azərbaycanda 500 min əlil insandan 200 min nəfəri məhz qohum nikahlarından doğulanlardır...” – Şok iddia

Qohum nikahlar genetik xəstəliklərə təsir göstərən önəmli amillərdən biridir. Dünyaya gələn uşaqların ən azı, 8,4 faizi qohum nikahdan doğulur. Alimlərin araşdırmalarına əsasən, yaxın qohumlar arasında bağlanan nikahlar nəticəsində uşağın xəstə doğulması riski daha da artır. Beləliklə, nikaha daxil olmuş qan qohumlarının genetik xəstəliklərə yol açma riski olduqca yüksəkdir və dünya əhalisinin bir qismi bu problemdən əziyyət çəkir. Dəfələrlə maarifləndirmə işlərinin aparılmasına baxmayaraq, hələ də ölkəmizdə yaxın qohum nikahlarına rast gəlmək mümkündür. Mövzu ilə bağlı Sağlamq Toplum İB-nin sədri, TvPress İA-nin baş redaktoru, sosioloq Lalə Mehralıya müraciət etdik.

 

Lalə xanım, ölkəmizdə yaxın qohum nikahlarının sizcə başlıca səbəbləri nələrdir?

Birinci səbəbi qohumdan qız almaqla evdə sabitliyi qorumaqdır. Belə düşünülür ki, əgər qohumdan qız alınsa evdə qaynana-gəlin konfilikti olmaz, ailədə sülh olar. İkinci səbəbi odur ki, qohumla qohum olanda toy və nişan qiymətlərində güzəşt olunur. Qohumdan alınan qız bahalı kürk, brilliant qaşlı boyunbağı istəməyə utanır. Qızın ailəsi oğlan tərəfin daha dəbdəbəli toy etməsini tələb etmir, oğlan evi daha cah-cəlallı cehiz istəmir, çünki arada qohumluq var, çəkinirlər. Üçüncü səbəb də odur ki, tərəflər qohumluq əlaqələrinin daha da möhkəmlənməsi üçün belə addım atırlar. Çünki indi dövr elə bir dövrdür ki, qohumlar bir-biri ilə az ünsiyyət qurur, daha əvvəlki kimi gediş-gəlişlər yoxdur. Böyüklər itən səmimiyyəti qaytarmaq üçün qohum nikahlara üstünlük verir. Bundan başqa insanların qohum nikahlarına üstünlük verməsinin bir səbəbi yad nəsildən çəkinməsidir. İndi əksər valideyn övladının hansısa bir məclisdə, küçədə, parkda bəyəndiyi qızı almasını istəmir. Çünki onun ailəsini tanımır, sabah bir problem yaranacağından qorxur. Öz qorxusu uğruna isə gələcək nəvələrinin sağlamlığını fəda edir.

Bu nikahların fəsadları barədə dəfələrlə məlumatlar verilsə də, niyə hələ də cəmiyyətdə yaxın qohum nikahlarına rast gəlirik?

İnsanlar gözü çıxan qardaşdan dərs almır, qan qohumlarının nikahından birinci uşaq qüsurlu doğulanda ikincini istəyirlər ki, bəlkə o sağlam doğuldu. O bəlkə isə məlum deyil, uşaq sağlam doğulmaya da bilər. Siz təsəvvür edin ki, Azərbaycanda 500 min əlil insandan 200 min nəfəri məhz qohum nikahlarından doğulanlardır. Bunun günahkarı kimdir? Biz yetərincə maarifləndiririk, o qədər efirlərdə proqramlar hazırlanır, qəzet-jurnal oxumayan xalq sadəcə əyləncəyə baxır, həkim məsləhətinə qulaq asmır. Problemi kökündən həll eləmək vacibdir, onun üçün də mütləq qaydada qanunla qadağan edilməlidir, qohum evliliyinin qarşısı alınmalıdır. Mən qohum evliliyinə bacı-qardaş evliliyi kimi baxıram, bundan artıq nə deyim? Gələcək nəsili qorumaq çətin olacaq, xəstə, əlil, valideynlərinin günahı ucbatından yatağa, əlil arabasına məhkum olan nəsil yetişir. 

Şərhlər

Çox oxunanlar