İşdən çıxarılan müstəntiq həbs ehtimalından danışdı

27.12.2015 00:17     Sosreaksiya     1651

Rüfət Səfərov: "Ciddi sürprizlərlə qarşılaşacağıma inanıram" 

2 günlük aclıq aksiyasını dayandıran Zərdabın keçmiş müstəntiqi Rüfət Səfərov yeni müraciət hazırlayıb. "Reaksiya" xəbər verir ki, musavat.com-a açıqlamasında keçmiş müstəntiq həbs ehtimalından danışıb.

R. Səfərov öncə ona dəstək verən mediaya təşəkkür edib.  Ardınca isə aşağıdakıları yazıb: "O ki qaldı həbsimə, göstərirəm ki, bəli, belə bir xəbər barədə mən də məlumatlıyam. Fəqət bunun reallaşdırılacağına bir qədər skeptik yanaşıram. Düşünürəm ki, hər hansı ictimai təhlükəli, təqsirli əmələ yol verməmişəm ki, cinayət təqibinə məruz qalım. Bununla belə, heç bir rəsmi sənəd, məhkəmə qərarı olmadan xüsusi mülkiyyətimdə olan əşyanın-kompüterin götürülməsi, istifadəmdə olan mobil telefonlara baxış keçirilməsi, kirayənişini olduğum mənzildə yataq otağınadək adlayaraq axtarış aparılması məni vadar edir ki, daha ciddi sürprizlərlə qarşılaşacağıma inanım. Mən söz demişəm, buna görə adekvat cavab həbsdirsə, buyursunlar. Çəkinmirəm. Yəqin edirəm ki, baş verən və verəcək vaqeələr barədə ölkə prezidenti cənab İham Əliyevə müraciət edəcəyəm. Lakin hələlik səbrlə cərəyan edən prosesləri təqib edirəm".

Şərhlər