Bu gün mediada Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayevin həbs olunması ilə bağlı xəbərlər yayılıb. "Reaksiya" xəbər verir ki, bu barədə ilk olaraq musavat.com məlumat yayıb. Məlumatda həmçinin Kərəm Mustafayevin qardaşı Nemət Mustafayevin də həbs olunduğu bildirilir. Belə ki, musavat.com-a məlumat verən mənbə bildirib ki, Nemət Mustafayevin həbs edilməsinin səbəbinin tikinti sektorunda yol verdiyi külli miqdarda yeyintidir.
Qeyd edək ki, Naxçıvanda olan hərbi hissələrdəki bütün tikinti işlərinə K.Mustafayevin qardaşı nəzarət edirdi. Nemət Mustafayevin nəzarət etdiyi tikinti işlərində ciddi yeyinti halları aşkarlanıb.
Hadisələrin üstü Nemət Mustafayevin hərbi hissələrdən birində yüksək rütbəli hərbçi ilə arasında baş verən davadan sonra açılıb. Belə ki, N.Mustafayev mülki şəxs kimi bütün hərbi hissələrdə qardaşına görə “söz sahibi” olub. O, mülki şəxs olsa da, ən yüksək rütbəli hərbçilərə belə əmrlər verirmiş, hətta onları təhqir edirmiş. Bir neçə gün əvvəl yüksək rütbəli hərbçilərdən birini təhqir edən N.Mustafayev bunun cavabını yumruq zərbəsi ilə alıb.
Məlumatda deyilir ki, N.Mustafayevi vuran hərbçi hazırda həbsdədir. Həmin hərbçi isə Müdafiə Nazirliyində yüksək post tutan şəxslərdə birinin adamı olub. Həbsdə olan hərbçi vəziyyəti nazirliyə çatdıra bilib. Baş verən hadisədə N.Mustafayevin günahkar olduğu, buna sübut kimi isə hadisəyə şahidlik edən şəxslərin olması göstərilib.
Mənbə bildirir ki, bu qalmaqladan sonra N.Mustafayevin fəaliyyəti araşdırılmağa başlanılıb. Onun qardaşının tutduğu postdan istifadə edərək bir neçə dəfə bu cür hallara yol verməsi aşkarlanıb. Daha sonra N.Mustafeyevin nəzarət etdiyi tikintidə yol verdiyi yeyintilər aşkarlanıb. Məlum olub ki, o daha çox tikintilərdə canlı qüvvə kimi hərbi hissələrdəki əsgərlərdən istifadə edirmiş. Bununla da işçi qüvvəsinə ayrılan vəsaiti mənimsəyirmiş.
İddiaya görə qardaşının qanunsuz əməllərinə göz yumduğuna görə Kərəm Mustafayev də həbs olunub.
Müdafiə nazirliyi məsələ ilə bağlı APA-nın sorğusuna cavab verib. Cavabda bildirilir ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant K. Mustafayevlə bağlı bəzi kütləvi informasiya vasitələrində (KİV) yayılan xəbərin heç bir əsası yoxdur.
"Reaksiya"ya daxil olan məlumata görə Kərəm Mustafayev həbs olunmasa da, qardaşı Nemət Mustafayev həbs olunub. Nəzərinizə çatdıraq ki, məsələni diqqətdə saxlayacağıq və əlavə dəqiqləşdirilmiş məlumat olduqda ictimaiyyəti məlumatlandıracağıq.
Şərhlər