Ana 8 yaşlı oğluna siçan zəhəri verib

28.12.2015 13:52     Sosreaksiya     3244

Rusiyanın Sverdlovsk vilayətinin Asbest şəhərində ana 8 yaşlı oğluna siçan zəhəri yedizdirib.

"Reaksiya"nın APA-ya istinadən məlumatına görə Yekaterinburq şəhərindəki xəstəxanaya yerləşdirilən uşağın həyatını xilas etmək mümkün olub. 8 yaşlı uşaqdan analiz götürdükdən sonra həkimlər dəhşətə gəliblər. Analizin nəticələrinə əsasən uşağın qanında yüksək miqdarda zəhərli və ölümcül maddə - siçan zəhəri aşkarlanıb. Həkimlər dərhal hüquq-mühafizə orqanlarını məlumatlandırıblar.

Polis və prokurorluq əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində yetkinlik yaşına çatmayan uşağa qarşı törədilən cinayətin üstü açılıb. Əməliyyatçılar Sverdlovsk vilayətinin Asbest şəhərinin sakini, 1979-cu il təvəllüdlü qadını yaxalayıblar. Əvvəlcə hüquq-mühafizə orqanları əməkdaşları qadının uşağına siçan zəhərini bilərəkdən vermədiyi, cinayətin ehtiyatsızlıqdan baş verdiyi versiyasını irəli sürüblər. Lakin istintaq zamanı məlum olub ki, 36 yaşlı ana xəstə oğlunun “əzab çəkməməsi” üçün bu əmələ qəsdən yol verib. 8 yaşlı oğlan uşağının nadir xəstəlikdən - atipik hemolitik uremic sindromundan əziyyət çəkdiyi bildirilib.

Faktla bağlı Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsində "azyaşlını qətlə yetirməyə cəhd" maddəsi ilə cinayət işi açılıb. Cinayəti sübuta yetirildiyi təqdirdə, 36 yaşlı qadını 20 ilədək həbs cəzası gözləyir. 

Şərhlər

Çox oxunanlar