Deputat civə biznesinə girişib
28.12.2015 15:40 Sosreaksiya 1546
Ağalar Vəliyevin topdağıtmaz biznesi
"Reaksiya" "tia.az" - a istinadən xəbər verir ki, Azərbaycanda təkcə məmur-oliqarxların deyil, həmçinin deputatların da iri biznesə sahib olduqları sirr sayılmır. Əksər deputatların iri biznesi, tikinti sektorunda hegomonluğu, hətta xidmət və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları ilə bağlı dəfələrlə yazılıb. Lakin indiyə qədər onların heç birinin adı civə alverində hallanmayıb.
Ağalar Vəliyevin topdağıtmaz biznesi
Ağalar Vəliyev son parlament seçkilərində bəxtə-Xuda deputat seçilənlərdən sayılır. Səbəb onun hakimiyyət dairələri ilə son anda anlaşma əldə etməsi göstərilir. AZAD.MEDİA-nın apardığı araşdırmalar zamanı məlum olub ki, Vəliyevin əsas biznesi tikinti sektorundadır və son dövrlər geniş reklamı gedən «Kristal Abşeron» şirkəti də ona məxsusdur.
Məlumatda qeyd edilir ki, deputatın illərdən bəri nəzarətinə aldığı bu şirkət əsasən Abşeron rayonu ərazisində tikinti işləri ilə məşğuldur. Çoxmərtəbəli binaların inşaası ilə məşğul olan «Abşeron Kristal»ın hazırda kredit kampaniyası ilə mənzil satdığı da reklamlardan məlumdur.
Bəzi məlumatlara görə, bu şirkətin tikinti sektorundakı sərmayəsinin ümumi həcmi 100 milyon dollardan artıqdır. Elə ekspertlər də vurğulayırlar ki, şəhərciklər salacaq qədər maliyyə imkanına malik olan bir şirkətin total şəkildə uzunmüdətli kreditlərlə mənzil təklif etməsi onun külli miqdarda maliyyə yatırımlarına arxalanması nəticəsində mümkün ola bilər.
Düzdür, «Abşeron Kristal»ın indiyə qədər sakinləri müxtəlif formada aldatdığına dair elə də geniş məlumatlar yoxdur. Amma faktiki olaraq bu şirkətin müştərilərini müxtəlif şəkildə aldatdığı da istisna edilmir. Çünki bununla bağlı mövcud şikayətlər var.
«Sənin pullarını civə almaq üçün xərcləmişik»
Hərçənd Ağalar Vəliyev çox cəsarətli bir deputatdır. Ona görə ki, indiyə qədər heç bir millət vəkili cəsarət edib, adını civə alverində hallandırmayıb. Amma…
Şikayətçi Əli Əliyev AZAD.MEDİA-ya göndərdiyi şikayət məktubunda vurğulayıb ki, Ağalar Vəliyevin rəhbəri olduğu «Azəraqrartikinti» ATSC-nin ona 16141 manat borcu olub. Şirkəti ağlayla təmin edən Əliyev pulunu almaq üçün xeyli çalışsa da, bir nəticə hasil olmayıb.
O bildirir ki, şirkətin Duman adlı iş icraçısı şikayətçinin 16141 manatını müxtəlif bəhanələrlə verməkdən boyun qaçırıb. Çoxsaylı müraciətlərindən sonra onun pulunun yalnız 3500 manatı geri ödənilib ki, 12641 manatını bu günə qədər ala bilməyib. «Materialların pulunu istəyəndə Duman mənə bildirdi ki, möhlət verim onlara. Və bu möhləti də Ağalar Vəliyevin bütün pulları civə almaq üçün ödəniş etməsi ilə əsaslandırıb. Bir neçə aydan sonra yenidən müraciət edib, pulumu istədim. Duman mənə bildirdi ki, əgər bir də onlara zəng etsəm, məni tutduracaq».
Əli Əliyev bildirir ki, Dumanla dəfələrlə görüşüb, söhbət edib. «Hər dəfə mənə deyirdi ki, Ağalar Vəliyev çox yerə yatırımlar edir. Onun civə alveri, miss boruların satışı ilə məşğul olduğunu vurğulayırdı. Üstəlik, onu da deyirdi ki, əgər Ağalar Vəliyevin gördüyü işlərlə bağlı dövlət qurumları xəbər tutsalar, yaxalarını qurtara bilməyəcəklər».
AZAD.MEDİA məsələni araşdırmaq üçün Duman adlı həmin şəxslə də əlaqə saxlayıb. Ondan «Şirkətin Əli Əliyevə borcu varmı» sualını soruşduqda bildirib ki, hər hansı bir borcdan söhbət gedə bilməz. Hətta bunu əlindəki sənədlərlə təsdiqləyə də bilər. Lakin Duman müəllim nə sənədləri ortaya çıxarıb, nə də əlavə suallara cavab verib.
Civə məsələsinə gəldikdə isə Duman söhbəti eşidən kimi telefon dəstəyini asaraq, onu bağlayıb.
Sakinlər Xırdalanda yolu niyə bağladılar?
Yazının əvvəlində «Abşeron Kristal»da baş verənlərlə bağlı məlumat verilmişdi. Vurğulanırdı ki, Ağalar Vəliyevin şirkətindən şikayətçi olanların sayı heç də az deyil. Bunun əyani sübutu isə ötən gün Xırdalan şəhərindəki Heydər Əliyev prospektinin məcburi köçkünlər tərəfindən bağlanılmasıdır.
İki gündən bəri işıqsız qalan köçkünlər etiraz əlaməti olaraq bu addımı atıblar.
Məlumat üçün bildirək ki, Kəlbəcər, Zəngilan və Füzuli rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı və «Abşeron Kristal» şirkəti tərəfindən inşa edilmiş həmin binada mütəmadi olaraq problemlər yaşanır. Hətta birmənalı olaraq vurğulanır ki, bu bina aşağı keyfiyyətlə tikildiyi üçün bir sıra ciddi problemlərə malikdir.
İşin ən ilginc tərəfi isə odur ki, bu ilin may ayında istifadəyə verilmiş həmin bina heç 7 ay keçməmiş əhalini sıxıntıya salıb. Üstəlik, Ağalar Vəliyevin də şəxsən qatıldığı açılış mərasimində Azərbaycanın Birinci Xanımı Meriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.
AZAD.MEDİA-ya daxil olan məlumata görə, Ağalar Vəliyev həmin vaxt ölkənin Birinci Xanımını inandırıb ki, bina yüksək keyfiyyətlə tikilməklə yanaşı, burada yaşayacaq insanlar üçün də bütün şərait yaradılıb. O, hətta binada hər hansı bir problemin olmayacağını da vəd edib. Lakin inşası başa çatandan 7 ay sonra sakinlər elektirik enerjisi problemi yaşamağa başlayıblar. Ardından su, qaz və digər problemlərin də baş qaldıracağı isə şübhəsiz kimi görünür.
Yalan, yoxsa…
Etiraf edək ki, Azərbaycanda bir sıra yeni sahələr yaradan, inşaat işləri görən biznes adamları, hətta deputat, məmur olsalar belə açılışlarda dövlət ərkanının nümayəndələrinə maksimum dərəcədə yalan danışmırlar. Düzdür, onlar şişirtmələr edə bilərlər və ya fikirlərini daha fərqli ibarələrlə ifadə etməyə çalışarlar. Amma bizneslə məşğul olan heç bir deputat özündə o cəsarəti tapıb nə dövlət başçısını, nə də Birinci Xanıma yalan danışmazlar.
Baş verənlərdən belə anlaşılır ki, Ağalar Vəliyev həddindən artıq cəsarətli və risqli biridir. Və ya onun arxası elə bir yerə bağlıdır ki, cəsarət edib, ölkənin Birinci Xanımına yalan danışıb.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Şərhlər