Azərbaycanlı gənc öldürüldü - Gürcüstanda

02.01.2016 13:38     Sosreaksiya     2265

Gürcüstan paytaxtının yaxınlığında yerləşən, azərbaycanlıların kompakt yaşadığı Soğanlıq kəndində qətl hadisəsi baş verib. Soğanlıq (Poniçala) kənd sakini, 1992-ci il təvəllüdlü Fikrət Əhmədov bıçaqlanaraq öldürülüb.

"Reaksiya" APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin müftisi Ayvaz Mərdanov verib.

Məlumata görə, hadisəyə səbəb öldürülən gəncin Gürcüstan televiziyasına müsahibə verməsi olub.

Onun sözlərinə görə, Fikrət Əhmədov "İmedi" kanalına müsahibəsində son bir neçə ildə  kənddə vəhhabilərin çoxaldığını bildirib: "Bundan xəbər tutan həmin kəndin sakini Ramin İsayev Fikrətlə görüşmək istədiyini bildirib. Onlar kənd orta məktəbinin yanında görüşüblər və aralarında mübahisə baş verib. Nəticədə Ramin İsayev Fikrət Əhmədovu bıçaqlayıb. Onlar yaxın dost olublar. Ramin əvvəllər şiə məzhəbinə qulluq edib, sonra vəhhabi radikal qrupuna qoşulub və onları təbliğ edib".  

A.Mərdanov deyib ki, Soğanlıq kəndinin sakinləri vəhhabiliyin kənddə təbliğinə qarşı dəfələrlə etiraz aksiyaları keçiriblər: "Vəhhabilər kənddə məscid tikməyə çalışıblar və kənd sakinləri buna etiraz olaraq məhkəməyə müraciət ediblər. Nəticədə məhkəmənin qərarı ilə tikinti dayandırılıb və vəhhabilər yarımçıq qalan tikilinin zirzəmisində fəaliyyətlərini davam etdiriblər”.

Məscidin tikintisi ilə bağlı Gürcüstanın "İmedi" kanalı şiə məzhəbindən olan dindarlar və vəhhabilərdən müsahibə alıb. Müsahibə efirə veriləndən sonra narazılıqlar yaranıb.

R.İsayev hadisəni törədəndən sonra qaçıb. 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

F.Əhmədov bu gün torpağa tapşırılacaq.

Şərhlər