İxtisarlar işsizlər ordusunu böyüdəcək

06.01.2016 11:06     Sosreaksiya     1877

Natiq Cəfərli: “İşsizliyin aradan qaldırılmasının bir yolu da iqtisadi azadlığın artırılması ilə kiçik və orta sahibkarlığın təşviq olunmasıdır”; Natiq Miri: “Hansısa strukturlarda lokal islahatların aparılması ümumilikdə vəziyyəti dəyişməyəcək”

Neftin ucuzlaşması və maliyyə problemlərinin yaranması səbəbindən hökumət xərcləri azaltmaqla gəlirlərinə və mövcud ehtiyatlarına qənaət etməyə çalışır. Bu istiqamətdə atılması proqnozlaşdırılan addımlardan biri də paralel strukturların ləğvi və səlahiyyətlərinin dövlət qurumları arasında bölüşdürülməsidir. Hər hansı qurumun ləğvi isə yüzlərlə insanın işsiz qalması deməkdir. Bundan əlavə, dövlət qurumlarına ixtisarların aparılması və xərclərə qənaət edilməsi kimi bir tapşırıq da verilib. Oxşar prosesin iri inhisarçı şirkətlərdə SOCAR, “Azərenerji”, “Azəriqaz” , AZAL və digərlərində də həyata keçiriləcəyi gözlənilir. İxtisarların işçilərin 20 faizini əhatə edəcəyi gözlənilir. 

 
Bütün bunlar isə ölkədə işsizlər ordusunun yaranmasına, sosial gərginliyi artmasına, eləcə də hakimiyyət daxilində narazılıqları tətikləyə bilər. Bəs hökumət yaxın aylarda işsizliyin ölkədə sosial təlatümlərə gətirib çıxarmaması üçün hansı addımları atmalıdır? 
 
İqtisadçı ekspert  Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki,  hökumət  işsizlər orsunun yarada biləcəyi gərginliyi önləmək üçün ciddi tədbirlər görməlidir: 
 
“Biz aylardır Azərbaycan hökumətinə xəbərdarlıq edirdik ki, büdcənin ixtisar olunması, xərclərin azaldılması iqtisadi aktivliyin azalması ciddi işsizlik ordusu yaradacaq və bu il ən böyük problem məhz  işsizlik problemi olacaq. Çünki 10 minlərlə insanın işsiz qalması təhlükəsi var. Beynəlxalq praktikada bunun üçün hökumətlər müxtəlif yollardan istifadə edirlər. Azərbaycanda isə bunun mexanizmləri formal şəkildə mövcud olsa da, işlək vəziyyətdə deyil. Bir çox Avropa ölkələrində belə bir praktika mövcuddur ki, ən azı 6 ay ərzində işdən çıxarılan insanlar işsiz qaldıqda dövlətdən müavinət alır”.
 
 
Ekspert onu da qeyd etdi ki, Azərbaycanda işsizliklə bağlı rəsmi rəqəmlər həddindən artıq kiçik göstərilir:“Reallıq o rəqəmlərə uyğun deyil. İndi artıq o vəziyyətə gəlmişik ki, Azərbaycanda işsizlik ordusunun artması artıq belə formal addımlarla həll olunası məsələ deyil. Bunun tez həll olunması üçün yollardan biri iqtisadi azadlığın artırılması ilə kiçik və orta sahibkarlığın təşviq olunmasıdır. Yəni kiçik sahibkarlara aşağı faizli kreditlərin verilməsi, vergi güzəştlərinin edilməsi, gömrük güzəştlərinin olması və ixracat yönümlü hər hansı istehsal sahələrinin yaradılması, ümumiyyətlə, vergilərdən və gömrük rüsumlarından 3 il müddətinə tamamilə azad olunması və sair olmalıdır ki, bununla paralel olaraq bu işsizliyin verəcəyi problemləri azaltmaq mümkün olsun. Ancaq təəssüf ki, belə  bir planın olması haqqında nə cəmiyyətdə, nə mütəxəssislərdə, nə də hökumətin özündə hər hansı məlumat yoxdur”. 
İqtisadçının sözlərinə görə, insanlar işlərini, gəlirlərini itirəcəksə, bu da sosial narazılığın güclənməsinə, həmçinin əhalinin daha böyük hissəsinin yoxsullaşmasına səbəb olacaq: “Əhalinin birdən-birə əlində olan vəsaiti itirməsi, iş yerlərinin itirilməsi həm insanların psixoloji gərginliyinə, həm də cəmiyyətdə sosial gərginliyin yaranmasına səbəb olacaq. Bu insanlara hətta psixoloji yardım etməyə də ehtiyac yaranacaq. Dünyanın müxtəlif ölkələrində bu xidməti də təklif edir hökumət. Iş yerlərini itirmiş insanlara psixoloji yardımlar təklif olunur. Azərbaycanda isə bu məsələyə formal yanaşılır. Yəqin ki, cəmiyyətdə sosial gərginlik artanda hökumət başa düşəcək  ki, bu məsələyə həssas yanaşmaq lazımdır. Ancaq qorxuram  ki, o zaman artıq gec olacaq”. 
 
 
Politoloq Natiq Miri  isə “Yeni Müsavat”a açıqlamasında bu paralel strukturlar ləğvini və çevik hökumət modelinə keçidi təklif etdi: “Nəzərə almaq lazımdır ki, hökumət bu addımları atmaq  məcburiyyətindədir.  Ona görə də  indiki şəraitdə çevik hökumət modelini qurmaq üçün mütləq mənada paralel strukturlar ləğv olunmalıdır. Bununla bərabər çevik qərarlar qəbul edə biləcək çevik hökumət modeli fəaliyyətə başlamalıdır. Hər gün ölkə iqtisadiyyatında baş verən hadisələrə qiymət verilməli və qərarlar çıxarılmalıdır. İnkişaf etmiş ölkələrdə olduğu kimi bu cür bahalaşmalar olmamışdan qabaq önləyici addımlar atılmalıdır ki, cəmiyyət bundan çox zərər görməsin. Azərbaycanda artıq manat ikinci dəfə devalvasiyaya uğradılır və cəmiyyət buna hazırlıqsız olur. İnsanlar əmək haqqı artırılmadan bu bahalaşma ilə üz-üzə qalırlar. Bu məsələlərin aradan qaldırılması üçün çevik hökumət modeli qurulmalıdır, paralel strukturlar ləğv olunmalıdır, demokratik idarəetmə bərpa olunmalıdır. Hansısa strukturlarda lokal islahatların aparılması ümumilikdə vəziyyəti dəyişməyəcək. Ona görə də ilk növbədə iqtisadi islahatlarla paralel siyasi islahatlar aparılmalıdır. Biz bunun modelini Gürcüstanda gördük və heç bir iqtisadi potensialı olmayan ölkə böyük bir büdcə yarada bildi və iqtisadi böhrandan çıxa bildi”. 
 
İşsizlərə gəlincə, ekspert bildirdi ki, dövlət qurumlarında gedən ixtisarlar nəticəsində işsiz qalan insanlar uçota alınmalıdır: “Eyni zamanda işə düzələ bilməyən insanlara bir neçə aylıq müavinət verilməlidir ki, növbəti yeni iş yerləri yaradılana qədər bu insanlar ən azından maliyyə baxımından zərər görməsinlər. Yeni iş yerlərinin yaradılması istiqamətində ciddi addımlar atılmalıdır. Bunun üçün isə liberal iqtisadiyyat vacibdir. Bütün iş adamlarına qanun çərçivəsində liberal şərait yaradılmalıdır ki, yeni iş yerləri yaradıla bilsin. Bürokratik və inzibati əngəllər davam edərsə iqtisadiyyatda heç bir irəliləyiş olmayacaq və bu da işsizlər ordusunun yaranmasına, sosial etirazların artmasına gətirib çıxaracaq”. 

 

Şərhlər