Nazirlik 34 müğənninin vergi borcunu ləğv etdi

08.01.2016 16:38     Sosreaksiya     1686

Son bir neçə ay ərzində aparılmış geniş maarifləndirmə işləri və görülmüş tədbirlər nəticəsində şou-biznes sahəsində fəaliyyət göstərən xeyli fiziki şəxs vergi uçotuna alınmış, vergi borcları olan şou-biznes nümayəndələrinin mövcud borclarının çox hissəsi dövlət büdcəsinə ödənilib.

Vergilər Nazirliyi “Qafqazinfo”nun hansı şou-biznes nümayəndələrinin vergi borclarını ödəməsi ilə bağlı sorğusuna cavab olaraq bildirib ki, nazirlik tərəfindən vergi borcu olan şou-biznes nümayəndələrinin bir hissəsinin adlarının ictimaiyyətə açıqlanması da prosesə öz müsbət təsirini göstərib.

Nəticədə dekabr ayında vergi borcu olan və adları ictimaiyyətə açıqlanmış 41 şou-biznes nümayəndəsindən 34-nün adları borcları ləğv edildiyinə görə həmin siyahıdan çıxarılıb. Bu proses bundan sonra da mütəmadi olaraq davam etdiriləcəkdir.

Tanınmış şou-biznes nümayəndələrindən Nadir Qafarzadə, Ayaz Qasımov, Samir Piriyev, Almaz Ələsgərli, Manaf Ağayev, Rüfət Axundov, Nazim Pişyari və digərləri vergi borclarını ilin sonuna kimi tamamilə ödəyiblər. 
Bununla belə, bir sıra şou-biznes nümayəndələri hələ də öz vergi öhdəliklərinə etinasız yanaşmaqda davam edir, əldə etdikləri gəlirlərdən qanunla müəyyən olunmuş vergiləri ödəməyə tələsmirlər.

Məlum olduğu kimi, sadələşdirilmiş vergitutma rejimində çalışan vergi ödəyiciləri (şou-biznes əhlinin mütləq əksəriyyəti məhz bu rejimdə fəaliyyət göstərir) bu ayın 20-dək müvafiq hesabatlarını və bəyannamələrini vergi orqanlarına təqdim etməli, yaranmış vergi öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirməlidirlər.

Ötən ilin 4-cü rübündə şou-biznes sahəsində çalışan vergi ödəyicilərinin fəaliyyəti ciddi nəzarətə götürülmüş, onların yeni il şənliklərində və toylardakı çıxışları qeydə alınıb. Yanvar ayının axırlarında həmin şəxslərin təqdim etdikləri hər bir bəyannamə vergi orqanlarının əldə etdikləri məlumatlarla üzləşdiriləcək və nəticələrindən asılı olaraq müvafiq tədbirlər görüləcəkdir.

Bir daha xatırladırıq ki, vergi ödəmək hər kəsin Konstitusiya borcudur. Vergi Məcəlləsinin 16.1.1. maddəsinə, qanunla müəyyən edilmiş vergiləri, habelə bu məcəllə ilə müəyyən olunmuş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin borcudur. Vergi Məcəlləsinin 24.0.2. məddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək isə vergi orqanlarının vəzifəsidir.

Göründüyü kimi, vergilərin düzgün hesablanması, vaxtında və tam həcmdə ödənilməsi üçün yalnız və yalnız vergi ödəyiciləri məsuliyyət daşıyırlar və bu hamıya, o cümlədən şou-biznes sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinə də aiddir. Son bir neçə ay ərzində şou-biznes sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə vergi orqanlarında çoxsaylı görüşlər keçirilmiş, qanunun tələbləri onlara bir daha izah edilib. Yeri gəlmişkən, KİV-lər də bu sahədə çox yüksək fəallıq göstəriblər və fürsətdən istifadə edərək biz onlara apardıqları maarifləndirmə işlərinə görə dərin minnətdarlığımızı bildiririk.

Ölkəmizdə mövcud olan vergi inzibatçılığı ciddi vergi nəzarətini təmin etməyə imkan verir və əgər kimsə cürbəcür bəhanələrə əl ataraq vergi ödəməkdən yayınmağa, və ya ödənilməli vergilərin məbləğini azaltmağa cəhd göstərməyə davam edəcəksə, onlara qarşı qanun tam gücü ilə tətbiq olunacaq.

Şərhlər

Çox oxunanlar