Sumqayıtda gərginlik - 200-dək mağaza sökülür

09.01.2016 16:14     Sosreaksiya     2658

Sumqayıtın mərkəzi olan Sülh küçəsindəki mağazalar sökülür. İcraçılar bunu İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun göstərişi ilə həyata keçirdiklərini deyirlər.

"Reaksiya" xəbər verir ki, hadisə yerində olan Meydan TV əməkdaşının sözlərinə görə, ərazidə 200-ə yaxın mağaza var və əksəriyyəti küpçəlidir.

Ərazidəki ilk söküntü “Ən ucuz market” adlı üçmərtəbəli mağazadan başlayıb. Mağaza "Əli MMC 94" mağazalar şəbəkəsinə daxildir. Mağazanın sahibi Vüqar Qələndərov deyir ki, obyekt şəxsi əmlakıdır, küpçəsi var. Hazırda həmin sənəd ilə bankdan kredit də götürüb: “Şəxsi əmlakım zorla sökülür. Halbuki bu mağazaları Zakir Fərəcov Bələdiyyə sədri olanda satmışdı bizə. Hamımız banklardan kredit götürmüşdük, indi nə edəcəyik? Şəxsən mən "Access Bank"dan 1 milyon 200 min manat kredit götürmüşəm. Üçmərtəbəli mağazada 240 nəfər çalışır. Mağazanın sökülməsi bu qədər adamın işsiz qalması deməkdir”. 

Meydan TV əməkdaşının məlumatına görə, Zakir Fərəcovun bu qərarı şəhərdə ciddi gərginliyə səbəb olub. Sülh küçəsində obyekt sahibi olanlar baş verənlərlə bağlı Prezident Administrasiyasının önünə toplaşmaq istəyirlər. Sahibkarlar obyektlərinin söküləcəyi təqdirdə yüzlərlə adamın çörəksiz qalacağını deyirlər. 

Şərhlər