Azərbaycanda təhsillə bağlı yeni qanun layihəsi
12.01.2016 09:57 Sosreaksiya 1707
Azərbaycanda “Orta ixtisas təhsili” haqqında ayrıca qanun layihəsi qəbul oluna bilər.
"Reaksiya" xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev Trend-ə bildirib ki, bu gün iqtisadiyatın bütün sahələrində və sahibkarlığın inkişaf etdirilməsi üçün ixtisaslı fəhlə kadrlarına çox böyük ehtiyac var.
Onun sözlərinə görə, müxtəlif dövlət qurumları orta ixtisas təhsili məktəbləri yaradıb və yaxşı olardı ki, özəl müəssisələr, böyük şirkətlər də bu işə qoşulsun.
B.Əliyev deyib ki, bu sahədə ayrıca qanunvericilik bazasının olmasına böyük ehtiyac var: “Ona görə də Elm və təhsil komitəsi Təhsil Nazirliyi, digər əlaqədar qurumlarla, o cümlədən özəl şirkətlərlə birlikdə işçi qrupu yaradaraq belə bir qanunun hazırlanmasına böyük zərurət olduğunu hesab edir. Məqsədimiz odur ki, yaz sessiyası müddətində bu işçi qrupu yaradılsın və orta ixtisas təhsili ilə bağlı qanun layihəsi üzərində sürətli iş getsin”.
Millət vəkili əlavə edib ki, əgər orta ixtisas təhsili ilə bağlı ayrca qanunvericilik bazası yaradılsa, bu, ölkə iqtisadiyyatının inkişafı, işsizliyin aradan qaldırılması, ölkənin ixtisaslı kadrlarla təmin edilməsi istiqamətində böyük addım olacaq.
Şərhlər