Bakının daha bir küçəsi təmir olunur

12.01.2016 16:47     Sosreaksiya     1789

Bakının Nizami rayonu Naxçıvanski küçəsi təmir edilir.

"Reaksiya" APA-ya istinadən xəbər verir ki, artıq sözügedən küçənin bir istiqaməti üzrə, yəni Qara Qarayev prospektindən Bəkir Çobanzadə küçəsinə doğru olan 850 metrlik hissəsi texnoloji ardıcıllığa riayət olunmaqla yüksək keyfiyyətlə təmir edilib. Təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü qaşınaraq, ərazidən daşınıb. Bundan sonra əraziyə yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə təqribən 8 500 kvadrat metr sahənin asfaltlanması işləri aparılıb.

Ortalama eni 9 metr olan küçəyə 1 560 paqon-metr yeni səki daşları düzülüb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 34 ədəd yeni baxış qapağı qoyulub və zəruri olan yerlərdə yağış barmaqlıqları yenilənib.

Küçədə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.

Anoloji işlərin Naxçıvanski küçəsinin əks istiqaməti üzrə, daha dəqiqi Bəkir Çobanzadə küçəsindən Qara Qarayev prospektinə doğru olan hissəsində də aparılmasına start verilir. Bu hissənin də uzunluğu təqribən 850 metr, ortalama eni isə 9 metrdir.

Təmir-tikinti işləri çərçivəsində küçənin 8 800 kvadrat metr sahəsinə yüksək keyfiyyətli yeni asfalt-beton örtüyü döşənəcək. Küçə boyu 1 640 paqon-metr səki daşı yenilənəcək. Kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları və yağış barmaqlıqları yenilənəcək.

Şərhlər

Çox oxunanlar