"Üzləşdiyimiz hal Azərbaycanın çap mediasız qala biləcəyinin siqnallarını verir"

12.01.2016 17:29     Sosreaksiya     1702

Manatın devalvasiyasının ciddi zərbə vurduğu sahələrdən biri də çap mediasıdır. Kağız və çap xərclərinin kəskin artması, yayım sektorundakı problemlər qəzetləri dalana dirəyib. Hazırda media kapitanları çıxış yolları barədə müzakirələr aparır, bəziləri isə müəyyən qərarlar qəbul edib.

“Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu son bir ildə baş vermiş manatın üçüncü devalvasiyası ilə bağlı yaranmış durumu təhlil etdi və çıxış yolları barədə açıqlama verdi. Baş yazar dedi ki, ölkədə yaranmış vəziyyət yazılı mətbuatın onsuz da böhranlı olan durumunu daha da kritikləşdirib. Müsahibimizin sözlərinə görə, üzləşdiyimiz hal Azərbaycanın çap mediasız qala biləcəyinin siqnallarını verir: “Heç bir strateji qaynaq yoxdur ki, biz nəinki inkişaf edə bilək, ümumiyyətlə, mövcudluğu davam etdirək. Strateji qaynaq adlandıra biləcəyimiz Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondundan stabil aldığımız dəstəkdir. Bu, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan iqtidarının çap mediasına jesti kimi qəbul olunur. Lakin keçən il bu zamanlarla müqayisə olunanda bizim KİV DF-dən layihə əsasında aldığımız dəstək 103 faiz kiçilib. Yəni mən bunu sadələşdirib demək istəyirəm. ”Yeni Müsavat" il ərzində KİVDF-dən 120 min manat alır. Keçən il bu zamanlar, yanvarın 12-də 120 min manat 150 min dolların ekvivalenti idi. Bu gün isə həmin məbləğ 80 min dollar məbləğində alıcılıq qabiliyyətinə malikdir. Bu, iki dəfə itki deməkdir". 
 
R.Arifoğlu dedi ki, bu kiçilmə media quruluşu, xəbər istehsalçısı olaraq onları da kiçildib. Azərbaycan jurnalistlərini ölkənin kasıb təbəqəsi adlandıran baş redaktor onların öz zəhmətləri və yazıları hesabına redaksiyalardan o qədər də yüksək olmayan qonorarlar aldıqlarını, bununla da ölkənin maliyyə-bank sisteminin imkan verdiyi qədər özlərinə həyat düzəni qurduqlarını xatırlatdı: “Müəyyən kreditlər almışdılar, ipotekalara girmişdilər. Elə jurnalist vardı ki, bir neçə bankdan borc götürərək, ev, maşın, eləcə də evinə başqa əşyalar almışdı. İş yerindən aldığı məvacib hesabına onların ödənişi ilə məşğul idi. Amma devalvasiya bütün bu planları da alt-üst etdi. Jurnalistlərin artıq yaradıcılıq haqda düşünəcək halları qalmayıb. Çünki 2015-ci il ərzində, fevral və dekabr aylarında, onların həyatını dəyişəcək devalvasiya hadisəsi baş verdi. Ona görə də onların aldığı məvacib ödədikləri kreditə ekvivalent deyil və çox kritik vəziyyətə düşüblər”. 
 
Qəzetə, sayta gələn cüzi reklamların manatla ödəndiyini xatırladan R.Arifoğlu eyni zamanda qəzetin də milli valyuta ilə satıldığını vurğuladı. Onun sözlərinə görə, son nəticədə həm satışdan, həm də reklamdan gələn cüzi gəlir ikiqat azaldığı üçün “Yeni Müsavat”da kritik vəziyyət yaranıb. Müsahibimiz çıxış yolu olaraq verdikləri ilkin qərarlardan danışdı: “İndiki zamanda biz dövriliyi azaldırıq. Əvvəl həftədə 7 dəfə nəşr olunurduqsa, hazırda 6 dəfə nəşr olunuruq. Gələn ayın birindən 5 dəfəyə keçmək məcburiyyətindəyik. Eyni zamanda kənar müəlliflərlə vidalaşmağa qərar vermişik, çünki onlara qonorar ödəmək imkanımız yoxdur. Öncə illərini qəzetə vermiş yazar və əməkdaşlarımızı düşünmək zorundayıq. Eyni zamanda da qəzetin qiymətini 10 qəpik qaldırma siyasətinə getmişik”. 
 
R.Arifoğlu Mətbuat Şurası İdarə Heyəti üzvü olaraq şura sədrindən bu mövzuda bir toplantı keçirməyi xahiş edəcəyini dedi. O, bu cür kritik günlər üçün yaranmış qurumdan sözügedən problemdən çıxış yolu tapmağı istəyəcəyini vurğuladı: “KİVDF sədri Vüqar Səfərli ilə görüşməyi planlaşdırıram. Onun vasitəsilə biz ölkə prezidentindən xahiş etmək niyyətindəyik ki, media orqanlarına ayrılan vəsait müəyyən qədər qaldırılsın ki, biz onun vasitəsilə bir sıra məsrəfləri qarşılaya bilək. Bildiyiniz kimi, kağızın qiyməti 1 ton üçün 400 manat civarında qalxıb. Nəşriyyat xərcləri 25 faiz yüksəlib. Bu, artıq bizim gücümüzün xaricində olan məsələdir. Bilirik ki, dövlətimizin böyük ehtiyatları var. Və bu ehtiyatlar xarici valyutadadır. Belə olan halda əslində dövlət devalvasiyadan milyardlarla manat qazanıb, ödəmə imkanları daha da genişlənib. Söz mövzusu qəzetlərin ölüm-dirim savaşıdır. Hesab edirik ki,  medianın bu cür çöküşü informasiya təhlükəsizliyi baxımından dövlətə də böyük zərərdir. Bunun qarşısını yalnız bizim yox, dövlətin də fədakarlığı almalıdır”. 
 
Baş yazar sonda redaksiya daxilində ixtisarlar aparılacağı ilə bağlı sualı da cavabladı. Dedi ki, bu, qəzet rəhbərliyinin atacağı ən son addım olacaq: “İnsanlar bizə güvənib, yola çıxıblar. Ailələri, ödənişləri, gündəlik tələbat məsələsi var. Biz yükümüzü yüngülləşdirmək məqsədilə bəzi əməkdaşlarla müqavilə şərti ilə işləməklə çalışacağıq ki, heç bir əməkdaş iş yerini itirməsin. Amma vəziyyət ürəkaçan deyil.  Manatın üzən devalvasiyası davam etsə, manat daha da ucuzlaşsa, mən menecer olaraq bu təlatümün öhdəsindən gələ biləcəyimi düşünmürəm. O baxımdan da ”B" və “C” planları hazırlamışam. Hazırda qəzet rəhbərliyində qərarlaşdırdığımız “A” variantının tətbiqinə başlamışıq. Bu varianta əsasən, artıq 5 min manata yaxın qənaət fondu formalaşdıra bilmişik. Bu proses davam edəcək. Dövriliyin azaldılması, eyni zamanda redaksiyanın iki iş gününün olmaması - kommunal xərclərin hesabına cüzi də olsa kəmərsıxma əməliyyatına keçməli olacağıq. Biz eyni zamanda əməkdaşlara da o fikri aşılamaq istəyirik ki, vəziyyət kritikdir, hər kəs özünün iş yerinin xilası uğrunda mübarizəyə başlasın". 
 
R.Arifoğlu bununla paralel olaraq MŞ rəhbərliyi vasitəsilə yazılı KİV-lərə qarşı reklam, elan bölüşdürülməsində bərabərliyin həyata keçirilməsini bir daha gündəmə gətirəcəklərini vurğuladı. Çap mediasının da bu reklam piroqundan pay alması üçün güclərini bir daha səfərbər edəcəklərini vurğulayan baş yazar, əks halda, Azərbaycanın 1875-ci ildə başlayan, böyük bir ənənəsi olan çap mediasını itirə biləcəyinin siqnalını verdi: “Bizim saytımız var, uğurlu fəaliyyət göstərir. Bizim çox ciddi transfer imkanlarımız var. Amma biz böyük bir ənənəni  - ”Yeni Müsavat" adlı bir qəzeti, onun 27 illik tarixini itirmək istəmirik".

Şərhlər

Çox oxunanlar