Natiq Kərimov həkim nəzarətində saxlanılır
13.01.2016 11:53 Sosreaksiya 1737
Dövlətə xəyanətdə təqsirləndirilərək həbs edilən Nardaran sakini Natiq Kərimov Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) İstintaq Təcridxanasında həkim nəzarətində saxlanılır.
"Reaksiya" xəbər verir ki, bu barədə Trend-ə N.Kərimovun vəkili Əyyub Ələkbərov məlumat verib.
N.Kərimovla görüşən vəkil bildirir ki, müvəkkilinin səhhətində hələ ki ciddi problem yoxdur və özünü normal hiss edir: "Hazırda Natiq Kərimov həkim nəzarətində saxlanılır. Bir müddət əvvəl ona əməliyyat təklif olunsa da, o, əməliyyatdan imtina edib. Natiq Kərimov özünü ittihamlarda qismən təqsirli bilir".
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumata görə, DTX-nin həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Bununla əlaqədar N.Kərimov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq 7 yanvar 2016-cı il tarixdə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Şərhlər