Siyəzənin deputatı rayondakı etiraz aksiyasına münasibət bildirdi
14.01.2016 16:05 Sosreaksiya 1870
"Reaksiya" xəbər verir ki, bunu APA-ya açıqlamasında rayonun deputatı Tahir Süleymanov deyib.
T.Süleymanovun sözlərinə görə, Siyəzəndə unun qiyməti qalxmayıb və sakinlərin də bununla bağlı heç bir narazılığı yoxdur: “Mən ayın 12-dən Siyəzəndəyəm. Burada ağsaqqallarla görüşürük və məsələni aydınlaşdırırıq. Burada bir qrup AXCP-dən, Müsavatdan olan şəxslər var ki, son devalvasiyadan istifadə edib, rayonda təxribat yaramaq istədilər ki, hazırda onlar saxlanılıblar. Saxlanılan yeniyetmələr də etiraf ediblər ki, içkili olublar və həmin şəxslər tərəfindən öyrədiliblər. Yəni onlar camaatı bu yolla aldadıblar. Biz də camaata izah etdik ki, bu, mitinqlə, aksiya ilə borc, kredit problemləri həll olunmur. Bunu yığışaq Yeni Azərbaycan Partiyasının qərargahında müzakirə edək. İndi hazırda hamı dağılışıb və rayonda sakitlikdir”.
T.Süleymanov etirazların əsas səbəbinin ona məxsus olduğu bildirilən “Siyəzən broyler”də kütləvi işçi ixtisarı ilə bağlı olması xəbərlərindən də danışıb: “Əvvəla, o müəssisənin mənə heç bir aidiyyəti yoxdur. Bütün bu xəbərlər tamamilə yalan və iftiradır. Bütün siyəzənlilər bilir ki, ora kimə məxsusdur. Amma bir deputat kimi bilirəm ki, o müəssisənin rəhbərliyində bu yaxınlarda dəyişiklik oldu. Artıq yenidən orada işlər başlayacaq. Ora yeni toyuq cinsləri gətirilib ki, müəssisədə daha çox iş olacaq və tədricən də oradan uzaqlaşdırılanlar hamısı yerlərinə qaytarılacaq. Əlavə işçilər də işə götürüləcək”.
Şərhlər